Hrant Dinkin ailəsi Ali Məhkəməyə müraciət etdi


17:44     01 İyun 2016 fft99mf1130858722x401.jpg


2007-ci ildə Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən erməni əsilli jurnalist, erməni diasporasına məxsus "Aqos" qəzetinin baş redaktoru Hrant Dinkin işi ilə bağlı yeni hadisələr cərəyan etməkdədir. Belə ki, aparılan araşdırmalardan narazı qalan Hrant Dinkin ailəsi Ali Məhkəməyə müraciət edib.

“Cinayətin üstünün açılmasında səy göstərilmir”

Hrant Dinkin ailəsi məhkəmə tərəfindən düzgün araşdırma aparılmadığını əsas gətirir və müraciətdə bildirilir ki, hüquq-mühafizə orqanları cinayətin üstünün açılmasında maksimum səylə iştirak etməyib.

“İstintaq araşdırmaları yenidən və daha ətraflı aparılsın”

Müraciətdə göstərilir ki, istintaqa cəlb olunan şəxslər düzgün sorğu-sual edilməyib. Buna görə də şübhəli şəxslər yenidən istintaqa cəlb olunmalı və ətraflı şəkildə sorğulanmalıdır.

Qeyd edək ki, Hrant Dinkin öldürülməsi ilə bağlı 27 nəfər barəsində cinayət işi açılmışdı. 43 nəfər isə azadlıqda olsalar da, hüquq-mühafizə orqanları tərəfindən daimi izlənmədə olmalı idilər. Sonradan 43 nəfərin 24-ü barəsində izlənmə qərarı aradan qaldırıldı və onlar tam sərbəst buraxıldılar. Hrant Dinkin ailəsi bu qərara etiraz etsələr də, onların etirazı məhkəmə tərəfindən rədd edilmişdi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1318