Erməni deputatlar niyə Rusiyadan inciyib?


14:27     13 İyun 2016 -ծրագիր.jpg

İyunun sonu bütün diqqətlər Rusiyanın Sankt-Peterburq şəhərinə yönələcək. Dağlıq Qarabağ münaqişəsi 21-ci dəfə prezidentlər səviyyəsində müzakirəyə çıxarılır. Konkret olaraq hansı sənədlərin masaya yatırılacağı ilə bağlı dəqiq informasiya verilməsə da, görüş bir sıra xüsusiyyətlərinə görə diqqətləri cəlb edir.


Diqqət çəkən əsas məqam isə görüş ərəfəsində Ermənistanla Rusiya arasında gərginliyin yaşanmasıdır. Bu gərginliyin isə hansı səbəbdən qaynaqlandığını təxmin etmək o qədər də çətin deyil.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı İrəvanda Qaregin Njden üçün abidə qoyulmasına Rusiyanın mənfi münasibətini ifadə etmişdi. Xatırladaq ki, Qaregin Njden SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş bir insan olub. Buna görə də İrəvanın mərkəzində onun üçün abidə qoyulması Rusiyanı qane edə bilməzdi. Zaxarovanın bu çıxışına Ermənistanda iqtidarda olan partiyanın nümayəndələri tərəfindən sərt reaksiya gəldi. Hakim Respublikaçılar Partiyasından olan deputat Marqarita Yesayan “Qoy özlərinə, öz tarixlərinə baxsınlar” deyərək bir növ Rusiyanı öz tarixinə və tarixi şəxsiyyətlərinə laqeyd münasibət göstərməkdə ittiham etdi. Daima Rusiyanın diqtəsi ilə hərəkət edən və Rusiya əleyhinə nə vaxtsa mənfi fikir söyləməyi ağıllarının ucundan belə keçirməyən erməni deputatların birdən-birə niyə bu qədər aqressivləşməsi sual doğurur.



Yeseyanın bu fikri heç şübhəsiz, onun şəxsi qənaətindən qaynaqlanmırdı. Deputatın bu açıqlaması İrəvanda hakim dairələrin Rusiyaya olan münasibətini açıq-aşkar ortaya qoyur. Xüsusilə, Kremlin aprel döyüşlərindən sonra Ermənistanı kompromisə çəkmək cəhdləri Sarkisyan Administrasiyasında böyük narahatlıq yaradıb. Aprel əməliyyatlarında rüsvayçı məğlubiyyətə uğrayan Ermənistanda daxili siyasi vəziyyət xeyli gərginləşib. Sarkisyan son “kart”larını oynayır desək, hər halda yanılmarıq. O, əvvəlcə qəbul etmək istəməsə də, sonradan aprel əməliyyatlarında Azərbaycan ordusunun 800 hektar ərazini işğaldan azad etdiyi ilə bağlı jurnalistlərə açıqlama vermişdi. Bu açıqlama onun reytinqini minimuma endirib. Çıxılmaz vəziyyətdə qalan Sarkisyan əlbəttə ki, Rusiyadan pənah umur. Rusiyanın isə Dağlıq Qarabağ münaqişəsi ətrafında sərgilədiyi mövqe Sarkisyanın gələcəyi ilə bağlı sual yaradır. Buna görə də Sarkisyan nəzarətində olan deputatları Rusiyaya qarşı qaldırıb.

Ümumiyyətlə aprel əməliyyatlarından sonra Ermənistanda anti-rus əhvali-ruhiyyəsi hökm sürür. Bir müddət əvvəl Rusiya səfirliyi önündə toplaşan minlərlə insan Rusiyanı Azərbaycana müasir silahlar satmaqda günahlandırırdı. Artıq bu nifrət və kin siyasi müstəviyə keçib. Erməni deputatların səsləndirdiyi aşağılayıcı fikirlər Rusiyaya təzyiq vasitəsi kimi dəyərləndirilməlidir. Yəni Ermənistan Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutumundan çox narahatdır. Və erməni deputatlar Sarkisyanın birbaşa tapşırığı ilə bir növ Rusiyanı bu mövqedən çəkinməyə çağırırlar.

Bundan əvvəlki yazılarda da qeyd etmişdim ki, Sankt-Peterburq görüşü Sarkisyan administrasiyasının sonu ola bilər. Ölkə daxilində nüfuzu sıfırlanan Sarkisyanın Sankt-Peterburqda edəcəyi hər hansı güzəşt onun devrilməsi ilə nəticələnə bilər. Buna görə də rəsmi İrəvan Sankt-Peterburq görüşünü mütləq şəkildə yubatmağa çalışacaq.



Ermənistanın narahatlığının bu qədər ciddi olduğunu nəzərə alsaq, Sankt-Peterburq görüşünün də əhəmiyyətinin bir o qədər artdığını deyə bilərik. Yəqin ki, masaya qoyulacaq sənəd də “yenilənmiş Madrid prinsipləri”nin korrektə edilmiş variantı olacaq. Azərbaycan bu prinsiplərlə demək olar ki, razıdır. Əsas məsələ isə Ermənistanı həmin prinsiplərin tələblərini yerinə yetirməyə məcbur etməkdir. Ermənistanı kompromisə cəlb etmək məsuliyyəti isə Rusiyanın üzərindədir.

Xatırladım ki, “Madrid prinsipləri”nə görə, ilkin olaraq Ermənistan ordusu Azərbaycanın işğal olunmuş Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarını, Laçının isə 13 kəndini qeyd-şərtsiz boşaltmalıdır. Ardınca isə regionda nəqliyyat və telekommnikasiya sistemi qurulmalı, bölgəyə sülhməramlı qüvvələr yeridilməlidir. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2952