Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi


17:31     08 Avqust 2016 konsititsiya%20mehkemesi.jpg

Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.



Femida.az-ın məlumatına görə, iclasda K.Maraevin şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2014-cü il 17 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, “Bank Technique” Açıq Səhmdar Cəmiyyətinin Səbail rayon icra şöbəsi, “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti və digərlərinə qarşı keçirilmiş hərracın qanunsuz hesab edilməsi və hərracın nəticələrinin ləğv olunması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2014-cü il 17 mart tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı və 418.4.6-cı maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilir. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Qeyd olunub ki, qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Açar sözlər:

Oxunub: 4601