Erməni diasporu dünəndən bugünə - ARAŞDIRMA


14:30     13 Avqust 2016 anca-logo.jpg

“Erməni diasporu” dedikdə, Ermənistanın sərhədləri xaricində yaşayan, dünyanın dörd bir yanına yayılmış ermənilər nəzərdə tutulur. 1980-ci illərdə erməni diasporu üçün “daxili diaspor” və “ xarici diaspor” olmaqla iki fərqli termin istifadə edilməyə başlanmışdır. Burada xarici diaspor deyərkən, bugünki Ermənistan ərazilərindən köç edərək daha çox Qərbə yayılan ermənilər, daxili diaspor anlayışı ilə isə keçmiş SSRİ ölkələrində məskunlaşan ermənilər nəzərdə tutulmuşdur.


Bir sıra erməni tədqiqatçılar XI əsrin əvvəllərindən etibarən səlcuqların bölgəyə gəlməsiylə birliktə tacir və intellektuallardan ibarət olan ermənilərin Rusiya, Qərbi Avropa və Hindistana köç etdiyini və bununla da diasporun ilk özəyinin meydana gəldiyini ifadə edirlər.

Xaçinq Tölölyan erməni diasporunun formalaşma prosesini bir neçə dövrə ayırıbdır:

1045-1453-ci illər: Erməni diasporunun formalaşma prosesi. Bu dövrdə Türk və Moğol mənşəli müxtəlif Orta Asiya fatehlərinin istilaları ermənilərin tez-tez yer dəyişmələrinə səbəb oldu. Ermənilər Avropanın Şərqinə, Qaradəniz sahilləri və Yaxın Şərqə köç etdilər;

1453-1604-ci illər: Yaxın Şərqdə Ermeni diasporunun adaptasiya müddəti;

1605-1708-ci illər: Ermeni tacir diasporunun inkişaf dövrü. Tacir diasporu, xüsusilə, İran və Hindistanda üstünlük təşkil edirdi, lakin İngiltərə sərmayəsi qarşısında məğlubiyyətə uğradı;

1784-1923-ci illər: Milliyətçiliyin meydana gəlməsi;

1923-1965-ci illər: Yenidən quruluculuq dövrü;

1965-ci ilindən bugünə qədər: müstəqillik və yeni transmilli elitalar arasında mübarizə dövrü.

Buna baxmayaraq ermənilər 19-cu əsrə qədər “diaspor” anlayışından istifadə etmirdilər. Diasporun təməli Osmanlı imperiyasının son dövrlərində atılmağa qoyuldu və 1914-1918-ci illər arasındaki dövrdə Anadoludan köç edənlər sayəsində gücünün ən yüksək səviyyəsinə çatdı.

1970-ci illərdən etibarən ermənilər Avropada və Amerikada siyasi fəaliyyətlər həyata keçirməyə başladılar. Bu dövrdən etibarən, xüsusilə, Vaşinqtonda ermənilərin xarici siyasətə təsir etməyi bacaran lobbi təşkilatları formalaşdı. Bunlardan ABŞ-da Amerika Erməni Milli Komitəsi (Armenian National Committee of America - ANCA), Amerika Erməni Assambleyası (Armenian Assembly of America), Avropada Avropa Erməni Əməkdaşlıq Forumu (The Forum of Armenian Associations in Europe), Dünya və Mədəniyyət Təşkilatları Beynəlxalq Birliyi (Union Internationale des Organisations Terre olmaq Culture), Rusiyada Rusiya Erməniləri Birliyi və s. hal-hazırda da fəal bir şəkildə fəaliyyətlərini həyata keçirirlər.

Erməni diasporunun son hədəfi xüsusilə Erməni İnqilabçı Federasiyası tərəfindən yüksək səviyyədə dəstək görən “Böyük Ermənistan” layihəsinin həyata keçirilməsidir. Daşnaklar Böyük Ermənistan dedikdə Ermənistan Respublikasından əlavə Şərqi Anadolunun bir hissəsi, Şərqi Qaradəniz, Qarabağ, Naxçıvan və Samtsxe-Cavaxeti bölgələrinə də iddia edirlər. Bu layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan “Dörd T” planı aşağıdakı 4 anlayışa əsaslanır:

Təqdimat - Sözdə erməni soyqırımı bütün dünyaya tanıdılacaq;

Tanınma - 1915 hadisələrində 1,5 milyon erməninin soyqırım nəticəsində qətlə yetirildiyi, dünya ictimaiyyəti tərəfindən qəbul edilib Türkiyə tərəfindən tanınacaq;

Təzminat - Türkiyə Respublikası törətdiyi soyqırıma görə üzr istəyib təzminat ödəyəcək;

Torpaq – “Böyük Ermənistan” xəyalını reallaşdırmaq üçün lazımlı olan torpaq Türkiyədən alınacaq.

Bundan başqa, erməni diasporunun ən başlıca hədəflərindən biri qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin təşkilatlar və digər dövlətlər tərəfindən tanınmasının təmin edilməsidir.

Nəticədə belə bir qənaətə gələ bilərik ki, müasir dövr Ermənistan xarici siyasət kursu Erməni diasporu tərəfindən təməli qoyulan “Dörd T” planı əsasında həyata keçirilir.

Ehtiram Aşırlı
Femida.az üçün

Açar sözlər:

Oxunub: 2866