Azərbaycanda cinayətkar dəstə tutuldu - Aralarında qadında var


17:48     10 Noyabr 2016 cinayet1.jpg

Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda psixotrop tərkibli dərman preparatı keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, insan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunmuş psixotrop tərkibli dərman preparatlarının ölkəyə gətirilməsinin, o cümlədən alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstandan qaçaqmalçılıq yolu ilə Azərbaycana psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstə barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin mütəşəkkil cinayətkar dəstənin üzvləri – Gürcüstan vətəndaşları Heydər Rüstəmov, onun qohumu Arifə Rüstəmova, Ağcabədi rayon sakini Cavidan Hüseynov və Füzuli rayon sakini Şahin Qurbanov saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, H. Rüstəmov və A. Rüstəmova psixotrop tərkibli dərman preparatlarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirərək digər dəstə üzvləri vasitəsilə satışını təşkil ediblər.

Saxlanılan şəxslərin üzərlərindən, yaşadıqları evlərdən külli miqdarda güclü psixotrop təsirə malik olan “Rivotril”, “Ksanaks”, “Tramadol”, "Relanium”, “Lyrica” və satışı qadağan olunan digər adlarda dərman preparatları götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 3581