Xalq artisti Gəncədə dəfn olunub


00:14     22 Noyabr 2016 xalqartistidefn.jpg

Görkəmli sənətkar, xalq artisti, bəstəkar-dirijor Nəriman Əzimov Gəncədə son mənzilə yola salınıb.



Femida.az AzərTac-a istinadən xəbər verir ki, vida mərasimində şəhərin mədəniyyət, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev, AMEA-nın Gəncə bölməsinin rəhbəri, akademik Fuad Əliyev, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Fikrət Verdiyev çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüb, onun Azərbaycan mədəniyyətinə əvəzsiz xidmətlərindən danışıblar.

Bildirilib ki, yüzlərlə mahnı və musiqi əsərlərinin müəllifi olan sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında və dünyada tanıdılmasında əvəzsiz xidmətləri var.

Qeyd edilib ki, görkəmli sənətkar Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru olmaqla yanaşı, tar və xalq çalğı alətləri orkestri üçün musiqilərin, eləcə də "Xatirə", "Qaynana əməliyyatı", "Özəlim – gözəlim" əsərlərinin müəllifidir.

Gəncədə keçirilən vida mərasimində Nəriman Əzimovla bağlı xoş xatirələr yada salınıb.

Qeyd edək ki, 80 yaşlı Xalq Artisti uzun sürən xəstəlikdən sonra noyabrın 19-da Bakıda dünyasını dəyişib. Nəriman Əzimov vəsiyyətinə uyğun olaraq Gəncədə anasının məzarı yanında torpağa tapşırılıb.

Açar sözlər:

Oxunub: 1238