Nazir müavini sessiyada iştirak edib


22:33     15 Dekabr 2016 unesko.jpg

Nazir müavini Sevda Məmmədəliyeva YUNESKO-nun baş qərargahında təşkilatın Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında iştirak edib.


Femida.az -ın məlumatına görə, komitənin 10-cu sessiyasında rəqəmsal mühitdə mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının həyata keçirilməsi ilə bağlı fəaliyyət prinsiplərinin layihəsi müzakirə olunaraq qəbul edilib. Bugünədək 144 dövlət və Avropa İttifaqı tərəfindən ratifikasiya olunan Konvensiya mədəniyyətin idarə olunması və mədəniyyət sahəsində rəhbərlik üzrə yeni beynəlxalq çərçivə rolunu oynayaraq, bütün dünyada rəssamlar, mədəniyyət xadimləri, mütəxəssislər və vətəndaşlar tərəfindən çoxsaylı mədəniyyət məhsullarının yaradılması, istehsalı, yayılması və onlardan istifadəyə təminat verir.

Rəqəmsal idarəetmə məsələlərinin daha effektiv həllini nəzərdə tutaraq, açıqlıq və əlçatanlıq prinsiplərinə əsaslanan yeni siyasət və tədbirlərin (yaradıcılığa dəstək, mədəniyyət sənayesinin modernizasiyası, mədəni və linqvistik bazanın diversifikasıyası, mədəniyyət məhsulları və xidmətlərinin balanlaşdırılmış axını) həvəsləndirilməsi məqsədi daşıyan sessiya çərçivəsində 13 dekabr tarixində YUNESKO-nun Baş direktorunun müavini Françesko Bandarin, Fransanın mədəniyyət və kommunikasiya naziri Odre Azuley, vətəndaş cəmiyyəti üzvləri və digər şəxslərin iştirakı ilə nazirlərin yüksək səviyyəli paneli təşkil edilib.

Sessiyada bir sıra debatlar keçirilmiş, 2005-ci il Konvensiyasının BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə töhfəsi, Katibliyin potensial quruculuğu və biliklərin idarə olunması təcrübəsinə dair məruzəsi, Fondun fəaliyyəti və yeni layihələrin təsdiqi, Konvensiyanın həyata keçirilməsinə dair fəaliyyət prinsiplərinə dair ilkin layihə müzakirə olunub.

İlk dəfə olaraq Konvensiyanın 2005-ci ildən bəri imzalanmış 51 ikitərəfli və regional sazişə təsiri və İspaniya və Latın Amerikası ölkələrində (Argentina, Kolumbiya, Ekvador, Meksika) mədəniyyət və yaradıcı sənayelərin rəqəmsal texnoloji çağırışlara adaptasiyası üzrə araşdırmalar komitənin müzakirəsinə təqdim edilib.

Komitə həmçinin Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fond çərçivəsində inkişaf etməkdə olan ölkələrdə mədəni və yaradıcı sənayenin dəstəklənməsi istiqamətində maliyyələşdirmə ilə bağlı müraciətlərə dair qərarlar qəbul edib.

Femida.az

Açar sözlər:

Oxunub: 840