Qonşusunu və milyonçu ərini öldürən “qara dul”un HƏYATI


19:06     06 Mart 2017 aysunesas.jpg

Femida.az “məşhur cinayətlər” rubrikasını davam etdirir.


Növbəti yazımız vaxtilə Türkiyədə gündəm mövzusu olan “qara dul cinayəti” ilə bağlıdır.

Söhbət iki cinayət aktı törədən və olayların üstündən 16 il keçdikdən sonra intihar edən “qara dul” ləqəbli Aysun Gürərdən gedir.

Yoxsul bir ailənin övladı olan Aysun Anaç ilk ərindən ayrıldıqdan sonra tanınmış iş adamı Mehmet Əli Gürərlə tanış olur. Aysun Mehmet Əli Gürərlə birlikdə qaldıqdan bir müddət sonra ondan hamilə qalır. Gürərin ailəsi onun həmin qadınla evlənməsinə razı olmur. Gürər ailəsini çətinliklə yola gətirərək Aysunla evlənir. Cütlüyün münasibətləri bir müddət sonra pozulur. Daha sonra Aysun Gürər Lütfullah Ertekin Teker adlı bir kişi ilə nikahdankənar münasibətə girir.

Hatayda bir ev kiralayan Mehmet Ali Gürər isə burada dul qonşusu Hafizə Ünal ilə tanış olur. Aysun Gürər bir müddət sonra əri Mehmet Ali Gürərə zəng edərək barışmaq istədiyini deyir. Cütlük bir araya gələndən qısa müddət sonra Hafizə Ünalın meyiti evində sevgilisi olduğu deyilən CHP-nin Buca təşkilat rəhbəri Hüseyn Yazar tərəfindən tapılır. Aparılan araşdırmalara baxmayaraq cinayətin üstünü açılmır. Bu əsnada nələrinsə yolunda getmədiyinin fərqinə varan Mehmet Ali Gürel arvadı Aysun Gürərin sərxoş vəziyyətdə cinayəti etiraf etməsi ilə şoka düşür.

Mehmet Əli Gürər dərhal qızı və oğlunu götürərək evi tərk edir və boşanmaq üçün məhkəməyə müraciət edir. Gürər polisə verdiyi ifadədə arvadının Hafizə Ünalı sevgilisi Lütfullah Ertekin Tekerlə birlikdə öldürdüyünü bildirir. Aysun Gürər saxlanılır, lakin dəlil yetərsizliyi olduğuna görə bir müddət sonra sərbəst buraxılır. Bu şikayət Gürərin sonunu gətirir. Belə ki, Gürər polisə şikayət etdikdən 9 gün sonra qaynı Adnan Anaç tərəfindən qətlə yetirilir. Aysun yenidən polis tərəfindən saxlanılır. Gürərin valideynləri Aysun və Tekerin mirasa sahib olmaq üçün oğullarını qəsdən öldürdüyünü bildirir.



Dindirilən şahidlərdən biri Aysun Gürərə tapança satdığını etiraf edir. Qaçacaq yeri olmadığını anlayan Aysun cinayətləri etiraf edir. Hər iki sevgili tutulur. Qonşusunu öldürdüyünə, ərini isə öldürtüyünə Aysun Gürərə 20 il 10 ay həbs cəzası verilir. Sevgilisi Lütfullah Ertekin Teker isə 5 il 6 ay həbs cəzası ilə məhkum olunur.

Cəmiyyətdə “qara dul” kimi tanınan Aysun Gürər 7 il həbs yatdıqdan sonra 2005-ci ildə əfv olunaraq azadlığa çıxır. Əvvəlki baldızının evində qalan iki uşaq anası Aysun Gürər 2014-cü ildə özünü binanın ikinci mərtəbəsindən ataraq intihar edir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 7953