Keçmiş FHN əməkdaşına 8 il həbs cəzası verildi


15:23     24 Mart 2017 1445850056_2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-640.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Fariz Məlikovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Femida.az virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Fikrət Qəribov sədrlik edib.

İstintaqla müəyyən edilib ki, özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) vəzifəli şəxsi kimi təqdim edən Fariz Məlikov müxtəlif şəxsləri işə düzəltmək adı ilə aldadaraq onlara yalan vədlər verib. O, vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

Törətdiyi cinayət əməlinə görə F.Məlikova Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Binəqədi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Fariz Məlikov ifadəsində 2009-2015-ci illər ərzində Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində müfəttiş vəzifəsində işlədiyini, 2015-ci ildə öz ərizəsi ilə işdən azad olunduğunu deyib. 2014-cü ilin iyun ayında tanışı Akim Məlikovun vasitəsilə Xaçmaz rayon sakini İlqar Xəlilov ona müraciət edərək qohumu Abumüslüm Əliyevin FHN-ə işə qəbul olunmaq istədiyini deyib, F.Məlikov da ona köməklik göstərəcəyinə və işə qəbul etdirəcəyinə söz verib. Bu məqsədlə ondan 10 min dollar pul alıb, həmin məbləği şəxsi ehtiyacları üçün istifadə edib.

Bakı şəhər sakini İlhami Bayramov, Hacıqabul rayon sakini Xaliq Rəcəbov, Qəzənfər Musayev, İxtiyar Nəsirov, Fəqan Əliyev, Mirəddin Talıbov, Tural Tarverdiyev, hətta əsgərlik yoldaşı Valeh Həsənov da eyni üsulla aldadılıb.

Ən maraqlısı odur ki, F.Məlikovun törətdiyi dələduzluq əməllərindən FHN-də işləyən həyat yoldaşı Aygün Məlikovanın da xəbəri olub. Ərinin tora saldığı şəxslərlə əlaqə saxlayan qadın işlədiyi nazirliyə şikayət olunmasın deyə onlara alınan məbləğin hamısını geri ödəniləcəyinə dair söz verib.

"FHN-də rütbəli şəxslə qohum olduğunu deyirdi"

Zərərçəkmiş Abumüslüm Əliyev ifadəsində ordudan tərxis olunduqdan sonra FHN-də işə düzəlmək istədiyini deyib. Həmin nazirliyə işə qəbul qaydaları ilə maraqlanıb, bu barədə yaxınları, həmçinin qohumu İlqar Xəlilovun da məlumatı olub. Günlərin birində isə İlqar Xəlilov ona FHN-də işləyən Fariz adlı şəxsin bu işdə ona kömək edə biləcəyini deyib. 2014-cü ilin iyun ayında "Nərimanov" metro stansiyasının yaxınlığında görüşüblər. Görüş zamanı Fariz FHN-də işlədyini, həmin qurumun yüksək rütbəli şəxsi ilə qohum olduğunu, həyat yoldaşı Aygünün də orada çalışdığını, işə qəbul məsələsinin ona həvalə olunduğunu bildirib:

"Fariz sənədlərin siyahısını təqdim etmək üçün işlədiyi binaya getmək lazım olduğunu dedi. Akim, İlqar və mən onunla Xətai stansiyasının yerləşən FHN-in müxtəlif qurumlarının yerləşdiyi idarəyə getdik. Onun xidməti otağını gördükdən sonra daha çox inam yarandı. Sənədləri toplayıb həmin ilin iyun ayının 11-də Farizlə görüşdüm və işə düzəlmək üçün 8 min manat verdim. Təxminən bir ay sonra əlavə olaraq 2 min manat da istədi. İlqarla birlikdə həmin məbləği də aparıb maşında Farizə verdim".

İşə düzələcəyinə ümid bağlayan A.Əliyev üç ay gözləsə də, F.Məlikovdan səs-soraq çıxmayıb. Telefon əlaqəsi saxladıqda F.Məlikov müxtəlif bəhanələr gətirərək yaxın zamanda işinin həll olunacağını söyləyib. Aldanıldığını görən A.Əliyev sonda Binəqədi Rayon Polis Şöbəsinə gedərək şikayət edib: "Vaxtı uzadırdı, gah Avropa Oyunları, gah Binəqədidə baş vermiş yanğın hadisəsi ilə bağlı müxtəlif səbəblər gətirirdi. Sonradan isə qəfil işlə bağlı Qəbələ rayonuna ezam olunduğunu, həkim komissiyası ilə arvadı Aygünün məşğul olacağını bildirdi".

Açar sözlər:

Oxunub: 2360