“Uşaq evini bitirdik, evsiz qaldıq”


16:07     19 May 2017 2018/07/38513CFE-D364-41FB-AC5B-6BD3578CFE2C_1532183981.jpeg

Femida.az-a Knyaz və Əsmər adlı bacı-qardaşlardan müraciət daxil olub.


Onlar uşaq evində böyüdüklərini, lakin oranı bitirdikdən sonra mənzillə təmin olunmadıqlarından şikayətlənirlər.

Əslən Şəki rayonundan olan bu şəxslər ataları vəfat etdikdən sonra anaları tərəfindən uşaq evinə qoyulduqlarını bildirirlər:

“Atamız Telman Bədəlov 2000-ci ildə dünyasını dəyişdikdən sonra anamızla birlikdə Bakıya köçdük. Anamın maddi imkanı yaxşı olmadığı üçün bizi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “2 saylı uşaq evi”nə yerləşdirib. 2011-ci ildə uşaq evindən məzun olduq. Ancaq uşaq evini bitirməyə yaxın qərar çıxdı ki, oranın məzunları Masazırda tikiləcək sosial binalarda mənzillə təmin olunacaqlar. Birinci il tikilən binalarda bizə ev verilməli idi. Çünki bizim buraxılışımız zamanı bina tikilirdi. Adımıza nə torpaq, nə də mülk var idi. Güclə dolanırdıq. İndi də neçə ildir, kirayədə qalırıq. Suraxanı rayonundakı 2 saylı uşaq evini bitirən digər uşaqlara ev verildi, onların da vəziyyəti bizimlə eynidir. Hətta iki valideyni olan imkansız ailələrə də ev verilib. Bizə də dedilər ki, adımız ev siyahısına yazılıb, Nazirliyə veriləcək. Sonra öyrəndik ki, bizim adımız ev veriləcək uşaqların siyahısına daxil edilməyib. Məsələ ilə bağlı uşaq evinin direktoru Sevda xanıma müraciət edəndə dedi ki, o, bizim adımızı yazmağı unudub. Bu, təbii ki, inandırıcı səslənmir”.

Bacı-qardaşlar bildirir ki, ikinci dəfə sosial evlər tikiləndə yenə onlara mənzil çatmır. Onların fikrincə, bu dəfə uşaq evinin rəhbərliyi yalnış qərar qəbul edib:

“İkinci dəfə Masazırdakı sosial evlər tikiləndə Şəki şəhərindən zəng edib dedilər ki, evlə təmin olunacağıq. Şəki qeydiyyatında olduğumuz üçün bizi oraya dəvət etdilər ki, işsiz və evimizin olmamağı ilə bağlı anketi dolduraq. Orada əlaqə telefonu da qoyduq ki, sosial evlər veriləndə bizə xəbər etsinlər. Ancaq ikinci bina təhvil veriləndə də bizə heç bir xəbər vermədilər. Hara müraciət edirik, deyirlər ki, hər şey uşaq evinin direktoru Sevda xanımdan asılıdır. Yenidən uşaq evinin müdriyyəti ilə əlaqə saxladıq. Dedilər ki, bizimlə bağlı bildiriş “2 saylı uşaq evi”nə gələ bilməz, çünki biz məktəbi çoxdan bitirmişik. Müraciət etdiyimiz dövlət orqanlarında səbəbkar kimi uşaq evinin müdriyyəti göstərilir. Onlar hansı uşağa ev düşə bilər, həmin uşaqların qeydiyyatını nazirliyə təqdim edirlər. Nazirlik də o uşaqları evlə təmin edirlər. Bizim adımız isə heç vaxt təqdim edilməyib. Səbəbini bilmirik. Əgər dövlət bu evi kimsəsiz, imkansız ailələrə, valideyninin birini itirən uşaqlara verirsə, niyə biz bu haqqı tələb etməyək?! Biz indi kirayədə yaşayırıq. Evə çox ehtiyacımız var”.

Məsələyə aydınlıq gətirmək üçün hüquqşünas Məhərrəməli Həmidov ilə əlaqə saxladıq.

Hüquqşünas vurğuladı ki, uşaq evini bitirmiş şəxslərə fərdi ev tikintisi üçün torpaq sahələri ayrılır və məqsədli qaytarılmayan ssuda verilməlidir. M.Həmidov bildirdi ki, əgər onlar evlə təmin olunmayıblarsa, ilk olaraq ev növbəsinə durmaq üçün yerli icra hakimiyyətinə, daha sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməlidir. İcra hakimiyyəti müraciətə 35 gün ərzində cavab verməsə, İnzibati İqtisad Məhkəməsinə müraciət edərək evlə təmin olunmaq tələbini icra hakimiyyətinin üzərinə qoymaq lazımdır.

Femida.az məsələni gündəmdə saxlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 7058