Hakimliyə namizədlər Türkiyədə təlim keçiblər


21:13     02 İyun 2017 1496405078499405905_1000x669.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqlarına uyğun olaraq, hakim korpusunun yüksək hazırlıqlı hüquqşünaslar hesabına formalaşdırılması ilə bağlı tədbirlər görülür, bu məqsədilə Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydası tətbiq olunur.


Ədliyyə Akademiyasından Femida.az-a bildiriblər ki, hazırda çoxmərhələli prosedurlara uyğun aparılmış növbəti seçim zamanı uğur qazanmış 126 namizəd lazımi biliyə və peşə hazırlığına yiyələnmələri üçün Ədliyyə Akademiyasında bir illik nəzəri və təcrübi kurs keçirlər. Kurs zamanı onların, həmçinin beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirilir.

Bu məqsədlə bütün hakimliyə namizədlərin Türkiyədə nəzəri və praktiki təlimlər keçməsi üçün qardaş ölkənin Ədliyyə Akademiyası ilə razılıq əldə edilib. Artıq namizədlərdən 60-ən çoxu Türkiyə dövlətinin hesabına Ankarada iki həftəlik tədris səfərlərində olub. Kursun proqramına uyğun olaraq, digər namizədlər də bu təlimlərə cəlb ediləcəklər.

Səfər zamanı azərbaycanlı hüquqşünaslar Ankarada Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən təlimlər zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, mülki və cinayət prosessual hüququn bəzi müddəaları, məhkəmə iclasının idarə olunması və s. aktual mövzular üzrə tədris olunub, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Namizədlər, həmçinin Türkiyə Böyük Millət Məclisində, Ali Məhkəmədə, Ədliyyə Nazirliyində, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyində təcrübi məşğələlər keçib, Türkiyənin məhkəmə-hüquq sistemi ilə tanış olub, habelə 28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Türkiyədəki səfirliyində keçirilmiş tədbirdə iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 5842