Erməni təcavüzünün qurbanı olan ABİDƏLƏRİMİZ


23:28     13 İyun 2017 757a2bda4eedd93aa58e13c4f912773e.jpg

Qədim mədəniyyət mərkəzlərindən biri olan Azərbaycanın ərazisinin Ermənistan tərəfindən işğalı buradakı tarixi-mədəni abidələrin məhvinə, bəşəri irsə aid edilən arxeoloji ərazilərin məhvinə səbəb olmuşdur.


Dünya xalqlarının mədəni irsinə aid edilən bu tarixi abidələrin dağıdılması, “Silahlı Münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında Haaqa konvensiyası”nın (1954-cü il), “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında Paris konvensiyası”nın (1990-cı il), “Arxeoloji İrsin Mühafizəsi haqqında Avropa Konvensiyası”nın (1992-ci il) və YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında konvensiyası”nın (1992-ci il) müddəalarına tamamilə ziddir və beynəlxalq hüququn pozulmasıdır.

Erməni təcavüzkarları işğal etdikləri Azərbaycan ərazisində tarixi abidələri yerlə-yeksan edir, qeyri-qanuni arxeoloji qazıntılar aparır və mövcud mədəni irsimizi öz adlarına çıxmaqla bu ərazilərin onlara məxsus olmaları haqqında uydurma elmi müddəalar irəli sürürlər.

Tarixi-mədəni abidələrimizə dəyən bu maddi və mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir. Qeyd etmək lazımdır ki, bu vandalizm siyasəti həm də dünya sivilizasiyasına qarşı edilmiş vəhşilikdir.

Təcavüzə məruz qalmış Azərbaycan ərazisində tarix-diyarşünaslıq muzeylərinin qiymətli eksponatlarının dağıdılması və daşınması arxeoloji – etnoqrafik əhəmiyyətli tapıntıların, həmçinin dini ocaqların və Qafqaz Albaniyasına məxsus kilsələrin erməniləşdirilməsi bu vəhşiliyin əsas hissəsini təşkil edir.

Erməni təcavüzünün qurbanı olan tarixi abidələr dünya əhəmiyyəti və zənginliyi ilə seçilir. Belə ki, ən qədim insan məskənlərindən biri olan dünya üzrə dördüncü-Azıx mədəniyyəti bu qəbildəndir. Qarabağ xanlığının inzibati mərkəzi olan Şuşa qalası dahi bəstəkar Üzeyir Hacıbəyovun, şairə və ictimai xadim Natəvanın, şair və Qarabağ xanının vəziri M.P.Vaqifin məqbərəsi, eləcə də digər ictimai xadimlərin ev muzeyləri, Qarabağ xanlarının “imarəti “ yeri kimi tanınan, SSRİ-də yeganə çörək muzeyi olan, zəngin arxeoloji eksponatlara malik Ağdam, qayaüstü rəsmləri və Zar kimi Paleolit dövrünə aid mağarası olan Kəlbəcər, zəngin kurqanlara və Xocalı-Gədəbəy mədəniyyətinə malik Xocalı və Qafqaz Albanıyasının xristian icmasina məxsus dini abidələri – kilsələri ilə zəngin Qubadlı, Cəbrayıl, Zəngilan kimi digər rayonlarımız bu işğalçılıq siyasətinin qurbanı olmuşdur.

Dini abidələr, pirlər və müqəddəs ocaqlarla zəngin Laçın, Əsgəran, Xocavənd və Xankəndi kimi diyarlarımızdakı tarixi irsimiz talanmış, erməniləşdirilərək dünyaya qədim erməni mədəniyyəti kimi tanıdılır.

Onu da əlavə edək ki, keçmiş işğal olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf 7 rayon ərazisində ermənilər tərəfindən qeyri-qanuni olaraq arxeoloji qazıntılar aparılır, tapılmış eksponatlar uydurma Böyük Ermənistanın mədəni irsi kimi dünyaya təbliğ ounur.

Qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi 40 mindən artıq eksponatın toplandığı 22 muzey və 927 kitabxana işğal nəticəsində Ermənistan silahlı qüvvələrinin nəzarətindədir.

Şəfa Mövsümov,
AMEA-nın Tarix İnstitutunun doktorantı

Femida.az üçün

Açar sözlər:

Oxunub: 2078