Yunusların məhkəməsi təxirə salındı


17:27     03 İyul 2017 leyla2.jpg

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.


Femida.az-ın məlumatına görə, prosesə sədrlik edən hakim Mirpaşa Hüseynov xatırladıb ki, Leyla və Arif Yunusların məhkəməyə məcburi gətirilməsindən ötrü daxili işlər orqanlarına müraciət olunub. Onun sözlərinə görə, bu qərar mayın 17-də çıxarılsa da, məhkəməyə cavab gəlməyib.

Məhkəmə prosesi iyulun 12-dək təxirə salınıb.

Qeyd edək ki, Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi əksini tapıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb. 2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən, Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrumetmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla, şərti hesab edilib. L. Yunus məhkəmə zalından azadlığa buraxılıb. Hazırda onlar müalicə üçün Hollandiyadadırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 768