Bütün məscidlərdə Alxanlı şəhidləri yad ediləcək


14:59     06 İyul 2017 mescid7.jpg

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə iyulun 7də paytaxt Bakıda və respublikanın bütün bölgələrindəki məscidlərdə, habelə İdarənin xaricdəki səlahiyyətli nümayəndəliklərinin fəaliyyət göstərdiyi yerlərdə Cümə namazı zamanı 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.


QMİ-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, din xadimlərinə sabahkı cümə xütbələrində erməni vandalizminin növbəti təzahürü olan 4 iyul təxribatı - dinc əhaliyə qarşı mütəmadi törədilən, qadın, uşaq və qocaların qətlləri barədə moizə edilməsi tapşırılıb. İdarənin xaricdəki səlahiyyətli nümayəndələrinə fəaliyyət göstərdikləri ölkələrin ictimaiyyətinə xalqımıza qarşı təcavüzün, erməni vəhşiliklərinin mahiyyəti barədə həqiqətləri çatdırmaq tapşırığı verilib.

Məlumatda bildirilir ki, A. Paşazadə Allahdan Vətən ugrunda şəhid olanlara rəhmət diləyir, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1293