Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib


21:27     31 İyul 2017 musavire8.jpg

Bu gün Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2017-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, hesabat dövründə Azərbaycan Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilib, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Bildirilib ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi 2017-ci ilin birinci yarısında da Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilib.

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradənin göstəricisi olaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi və institusional islahatların davam etdirilməsi, əlaqəli dövlər orqanları ilə birlikdə korrupsiya şəbəkələrinin aşkar edilməsi istiqamətində prokurorluq orqanları qarşısında çox mühüm vəzifələr qoyub. Həmin vəzifələrin icrası ilə əlaqədar Baş prokuror tərəfindən 19 may 2016-cı il tarixdə Tədbirlər Planı təsdiq edilib, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN” xidmət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə diqqət artırılıb.

Cari ilin 6-7 iyun tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və ombudsmanlarının Bakıda keçirilmiş üçüncü iclasının əhəmiyyəti xüsusi vurğulanıb.

Bildirilib ki, Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA), habelə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış digər nüfuzlu beynəlxalq və regional təşkilatlarla səmərəli qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.

Müşavirədə prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səmərəliliyin artırılması məqsədilə zəruri tədbirlərin görülməsinin intensivləşdirilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının funksional imkanlarının və tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla bu proqramların tam tətbiq olunmasının təmin edilməsi barədə müvafiq tapşırıqlar verilib.

Qeyd olunub ki, vətəndaşları narahat edən məsələlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə dövlət başçısının tələbləri rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərlərindən müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunub.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən 2017-ci ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilib, Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə Sabirabad, Ucar, Biləsuvar, Ağcabədi, Xaçmaz, İsmayıllı və Şəmkir rayonlarında keçirilmiş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilib, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da təkmilləşdirilməsi, tabe prokurorluqlarda xidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilib. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.

Müşavirədə 2017-ci ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə edib. Müzakirələrdə çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov Azərbaycan Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr və görülmüş işlər, Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov hesabat dövründə iş planının icra vəziyyəti, cari ilin ikinci yarımilinə dair iş planında nəzərdə tutulmuş tədbirlər, Hüquqi təminat idarəsinin rəisi Natiq Hüseynov 2016-cı il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin tətbiqi zamanı prokurorluq orqanları qarşısında duran vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıqlarını bir daha xatırladaraq, dövlət başçısının bu tələblərinin yüksək səviyyədə icrasına nail olmaq üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər verib. Eyni zamanda xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsi prinsipi üzərində qurulmasının, müasir texnologiyaların tətbiqinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin başlıca vəzifələr olaraq ardıcıllıqla həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 916