Bu gün birinci xanımın doğum günüdür


16:00     26 Avqust 2015 mehriban%20eliyeva0.jpg

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO - nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.


Həm gözəl həkim, həm də tanınmış ictimai-siyasi xadim....

Mehriban Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. Mehriban xanım ixtisasca həkim olsa da, ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti də heç vaxt nəzərdən qaçmayıb. Lap gənc yaşlarından Azərbaycan ziyalılarının əhatəsində böyüməsi onun bir şəxsiyyət kimi formalaşmasına, ailə dəyərlərinə sadiq olmasına mühüm təsir göstərib. Sonradan onun milli ənənələrə bağlı olan digər bir ziyalı Azərbaycanlı ailəsinə gəlin köçməsi, Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın gəlini olması bu keyfiyyətlərin daha da dərin kök atmasına təsir etdi.



Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq “birinci xanım” statusunu, cəmiyyətimizdə həmin ənənəni məhz Mehriban Əliyeva gətirib. Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın isə diqqətindən kənarda heç bir sahə qalmır. O, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir.

Heç kəsi ümidsiz qoymur...

Mehriban xanım sadəliyi və səmimiliyi ilə uşaqdan böyüyə hər kəsin rəğbətini qazanıb. Birinci xanımın vətəndaşlarla səmimi söhbəti, heç kəsə fərq qoymadan hamının şikayətlərinə qulaq asaraq onlara yardım etməsi, müalicə üçün imkansız xəstələri dövlət vəsaiti hesabına xarici ölkələrə göndərməsi, evsizlərə ev, işsizləri isə iş yeri ilə təmin etməsi son nəticədə onun xalq arasında son ümid yeri kimi xatırlanmasına gətirib çıxardı. O, uşaq evləri və internat məktəblərini ziyarət edərkən bütün xırdalıqlara fikir verir, mətbəxə baş çəkir, uşaqların qidalanması ilə maraqlanır, yaradılan bütün şəraiti diqqətlə nəzərdən keçirir. Bu gün valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar onun sayəsində qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə mühiti yaradılıb.

Qadın hərəkatında yeni bir mərhələ...

Birinci xanımın ictimai-siyasi fəaliyyətinin digər bir uğuru isə qadın hərakatı sahəsində yeni bir mərhələnin əsasını qoyması idi. Mehriban xanımın milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti müasir Azərbaycan qadının cəmiyyətdəki rolu barədə tamamilə yeni təəssüratlar yaratdı. Qadınların ictimai-siyasi proseslərdə yaxından iştirakı bu vaxta qədər əlçatmaz görünsə də, Mehriban xanım bu ənənənin üstündən bir xətt çəkdi. Artıq xanımlarımız ölkənin ictimai-siyasi fəaliyyətində yaxından iştirak edirlər. Mehriban xanımın fəaliyyətinin nəticəsində Azərbaycan qadını bir növ özünü təsdiq etdi və “mən də varam” dedi.

Mehriban xanımın Azərbaycan mədəniyyəti və incəsənətinin dünya miqyasında təbliğ edilməsi istiqamətində fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görüldü. Azərbaycan muğamının dünyada tanıdılması, ölkəmizdə beynəlxalq muğam müsabiqəsinin keçirilməsi, gənc muğam ifaçılarının üzə çıxarılması üçün mütəmadi olaraq müsabiqələrin təşkil olunması kimi tədbirlər zəngin mədəni irsimiz olan muğamın Birinci Xanımın diqqətində olduğunu göstərir.

O, yalnız ölkənin birinci xanımı deyil, hamının əzizi, dogma Mehribanıdır.

Ad gününüz mübarək, Mehriban xanım!!

Femida.az

Açar sözlər:

Oxunub: 1487