Bu şəxsi hansı cəza gözləyir?


17:44     30 Avqust 2017 21192769_1177936645683072_7178728015744054374_n.png


“Facebook” sosial şəbəkə istifadəçilərindən birinin paylaşdığı foto geniş etiraza səbəb olub. Gizlin çəkilmiş həmin fotoda qadın haqqında nalayiq ifadələr öz əksini tapıb. Bundan başqa, paylaşımda açıq-saçıq paltar geyindiyi əsas gətirilərək qadın əleyhinə təhqiramiz rəylər yazılıb.

Bəs, görəsən sözügedən istifadəçi etdiyi bu hərəkətə görə hüquqi baxımdan hansı məsuliyyətə cəlb oluna bilər?

Əvvəlcə qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının “Şəxsi toxunulmazlıq hüququ” adlanan 32-ci maddəsində aşağıdakılar öz təsbitini tapır:

I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.

II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.


Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, video, foto və şəxsi ailə həyatının sirrini yaymaqla, kiminsə şərəf və ləyaqətini ləkələyən şəxs vurduğu maddi və mənəvi zərərə görə mülki məsuliyyət daşıyır. Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması—yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Həmin Məcəllənin 156.2-ci maddəsinə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 9046