Qaçqın ailələri acınacaqlı durumda - (FOTO + VİDEO)


04:12     07 Sentyabr 2015 11989147_1203333186359506_1868516280_o0.jpg



Bakı ş. Xətai rayonu, Cavanşir küçəsi, 10-da yerləşən ailəvi yataqxanada uçqun baş verməsi nəticədə binada acınacaqlı vəziyyətin hökm sürməsi barədə məlumat vermişdik. Belə acınacaqlı vəziyyətin hökm sürdüyü ərazidən biri də Yasamal rayonu ərazisində Şərifzadə küçəsi 1 ünvanında yerləşən qaçqın və məcburi köçkünlərin yaşadığı yataqxanadır.


Femida.az həmin yataqxanadan hazırladığı reportajı təqdim edir.




Yataqxananın həyətinə girər-girməz uçuq-sökük pəncərələrdən səslər gəlir.”Yenə jurnalist gəlib, bizi çəkəcək”, sözlərini eşidirəm. Elə bu zaman bir neçə qadın dəmir pilləkənlərdən çətinliklə düşüb məni qarşılayır və söhbətə başlayırıq.

- Məcburi köçkün Qasımova Samirə





Çox sağolun ki, bizim bu çətin vəziyyətimizi göstərmək üçün bura gəlmisiz. Mən Füzuli rayon köçkünüyəm. Uzun illərdir bu qəzalı binada yaşayırıq. Gördüyünüz kimi burada yaşamaq qeyri-mümkündür. Təsəvvür edin ki, bu bina yaşayış üçün nəzərdə tutulmayıb. Hər an övladlarımızın həyatı üçün təhlükə var. Elektrik şitlərinin üstü də açıqdır. Balaca otaqda 7 nəfər yaşayırıq. Rütubətdən uşaqlarımız xəxtəlik tapıb. Bir neçə dəfə mənzillərdən siçovul, ilan çıxıb. Belə şəraitdə yaşamaq dəhşətdir. Xahiş edirik, bizə yardım edilsin. Bizi bu vəziyyətdən çıxarsınlar. Biz burada gələcəyin əsgərlərini böyüdürük. Heç olmasa, uşaqların xətrinə bizə yardım etsinlər.

Şəhid anası Lətifə xala yaşayış vəziyyətini bizimlə bölüşür…





Mən Əliyeva Lətifə Alı qızı Ağdam rayonundan qaçqınam. Özüm də şəhid anasıyam. Oğlum 1992- ci ildə Ağdamda şəhid olub. 1993-cü ildə mən sağ qalan uşaqlarımı götürüb ermənidən qaçdım. Oğlumun qəbri hələ də qalıb düşmən işğalında. Bilmirəm, onun dərdini çəkim, yoxsa, övladlarımın çətin vəziyyətini.11 nəfər ailə üzvümüz bu balaca otaqda yaşayırıq. Bu bina yaşayış binası olmadığından təcili yardım maşını gələndə belə tapıb girə bilmir. Bundan əlavə bina qəzalı vəziyyətdədir. Hər an uçma təhlükəsi var. 1998- ci ildən burdayıq. Güzəranımız göz qabağındadır. Ağır xəstəyəm. Prezidentimizə inanırıq. Xahiş edirik, bizim bu vəziyyətimizə baxıb bizə kömək etsin. Artıq son nəfəsimi yaşayıram. Heç olmasa, bu ailəmin evini görüm sonra rahat ölüm.

Yataqxananın balaca sakinləri....













Bizi dəhşətə gətirən digər məqam binanın zirzəmi məskunlaşan 11 ailənin vəziyyəti oldu. Binanın zirzəmisini su basdığı üçün evlərə girmək demək olar ki, mümkünsüz idi. Zirzəmidə yaşayan məcburi köçkün Həsənova Aybəniz durumu haqqında danışdı:



- Biz Cəbrayıl qaçqınıyıq. Gördüyünüz bu zirzəmidə yaşayırıq. Yağış yağanda evlərimizi su basır. Suyun içində yatırıq. Uşaqlarımız xəstələnir.11 ailə bax gördüyünüz bu havasız, rütubətli zirzəmidə yaşayır. Burada 21 uşaq böyüyür. Onlardan sabah nə vəətndaş olacaq? Hamısı xəstəlik tapır. Bizdə olan məlumata görə, Sulutəpə qəsəbəsində 2 boş ev var. Mümkünsə, bizi oraya yerləşdirsinlər. Prezidentimizdən xahiş edirik, övladlarımızın məhv olmasına imkan verməsin. Onadır bizim ümidimiz.






Femida.az yataqxanadan olan fotoları təqdim edir


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 6190