Bu dəfə Maşallah Əhmədov məhkəməyə müraciət edəcək


19:44     10 Noyabr 2017 masallah_ehmedov_2563.jpg

Dələduzluqda təqsirləndirilərək həbs edilən və Sabunçu rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunan futbolçu Maşallah Əhmədov məhkəməyə müraciət edəcək.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə M.Əhmədovun vəkili Tərlan Əhmədov məlumat verib.

T.Əhmədov bildirib ki, M.Əhmədovun işində zərərçəkmiş Yusif Əzizov onun ailəsinə mənəvi zərər vurub və bu zərər ailədə problemlər yaradıb: "Yusif Əzizov atamı məhkəməyə verəndən sonra anam iki dəfə insulit keçirib. 10 gündən artıqdır ki, anam xəstəxananın reanimasiya şöbəsində idi. Ötən gün palataya köçürülüb. Atam Yusif Əzizova dəymiş ziyanı ödəyib. Məhkəmə araşdırma apardı, dəymiş ziyanın Yusif Əzizov tərəfindən şişirdildiyi müəyyən edildi. Məhkəmənin müəyyən etdiyi məbləği zərərçəkmişə ödədik. Amma zərərçəkmiş məhkəmə qərarından yenə şikayət verib. Biz Yusif Əzizovun bizə vurduğu mənəvi zərəri tələb etmək üçün məhkəməyə müraciət edəcəyik".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirərək M.Əhmədovun cəzasını 2 ilə endirib.

Bir müddət əvvəl isə Sabunçu rayon Məhkəməsi M.Əhmədovu cəzasının çəkilməmiş hissəsindən azad edərək azadlığa buraxıb.

Xatırladaq ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 613