Oğurladığı əşyaları internetdə satan şəxs tutuldu


14:23     23 Dekabr 2017 qadin%20tutulub%20cinayet.jpg

Sabunçu rayonu Balaxanı qəsəbəsində çay evlərindən birindən oğurluq edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az bildirilib ki, bu barədə obyekt sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib.

Şikayətçi gecə saatlarında çay evinin qapılarının qırıldığını və oradan 2 ədəd “Sony playstation” kompyuteri, 1 ədəd skripka çalğı aləti və 3 ədəd suvenir qəlyan dəstinin oğurlandığını bildirib.

12-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Elşad Qasımov tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi çay evinin sahibini əvvəldən tanıdığını və gecə saatlarında orada heç kimin olmadığını bildiyi üçün oğurluq etdiyini bildirib.

E. Qasımov oğurladığı əşyaları satmaq üçün şəkilini çəkərək onlayn alış-veriş saytlarında yerləşdirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 3628