Daha telefonunuz oğurlanmayacaq - YENİLİK


21:01     06 May 2015 Daha%20telefonunuz%20oğurlanmayacaq.jpg

“Oğurlanmış mobil telefonların tapılması artıq çox asandır”


Demək olar ki, hər gün mobil telefon oğurluğu ilə bağlı xəbərlər oxuyuruq. Mobil telefon oğurluğu ilə mübarizədə müəyyən işlər görülür. Lakin bu iş nə qədər effektlidir, müzakirə predmeti olaraq qalır.

Fərziyyələrə görə, ölkədə mobil telefon oğurluğu əsasən ictimai nəqliyyatda baş verir.

Bəs mobil telefonumuz itdiyi zaman nə etməliyik? Mobil telefon oğurluğunu azaltmaq və ya itmiş telefonları daha asan tapmaq üçün hansı yeni metodlardan istifadə edilir?

Femida.az məsələ ilə bağlı məlumat almaq üçün Multimediya İnformasiya Sistemləri Texniki Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti riyaziyyatçı Osman Gündüzlə əlaqə saxlayıb.

Onun sözlərinə görə, oğurlanmış mobil telefonları tapmaq artıq ciddi problem deyil.

“Telefonun tapılması onun İMEİ kodu vasitəsilə həyata keçirilir. İMEİ kod hər hansı bir telefonun beynəlxalq tanınma nişanıdır. İMEİ kod hər bir telefonun batareyasının altında telefon istehsal olunarkən vurulur. İMEİ kod telefonun yaddaşına mənimsədilir. Hər hansı bir telefona simkart taxılıb hansısa şəbəkədə işə salınarkən baza stansiyası tərəfindən ilk olaraq məhz bu kod qeydiyyata alınır. Deməli, oğurlanmış telefon hansı mobil şəbəkədə işləyirsə, məhz həmin şəbəkənin operatoru istəsə, onu tapa bilər. Telefon oğurlamış şəxs telefonu açan kimi onun telefonuna həmin telefonun oğurluq telefon olması barədə mesaj gələcək. İtmiş telefonun tapılması üçün hüquq mühafizə orqanları müvafiq mobil operatorla birgə çalışır ”

Osman bəyin sözlərinə görə, telefonu itmiş şəxs ilk növbədə polisə müraciət etməlidir. Sonradan o, müvafiq operatorun ofisinə, müştəri xidmətlərinə müraciət edə bilər.

Göründüyü kimi hazırkı dövrdə telefon oğurluğunun qarşısının alınmasında ciddi nailiyyətlər əldə olunub. Bu uğurun təməlində əsas pay mobil operatoralrın üzərinə düşür. Məhz onların hüquq mühafizə orqanları ilə birgə operativ fəaliyyəti yaxın gələcəkdə telefon oğurluğu hallarının minumuma qədər azalmasına səbəb ola bilər. Hər hansı telefon oğurlayan şəxs bilməlidir ki, o həmin telefondan istifadə etdiyi anda mobil operator xəbərdar olacaq və həmin şəxs telefonu itirməklə bərabər cinayət məcəlləsinin 177-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacaq.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5788