Maliyyə Nazirliyi 10 təşkilatda mənimsəmə aşkarladı


21:22     26 Yanvar 2018 maliye%20nazirliyi.jpg


Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2017-ci ildə aparılan maliyyə nəzarəti tədbirlərinin nəticələri haqqında məlumatı açıqlayıb.


Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ildə risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 14 rayon və şəhər icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların və şəhərlərin abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 1 şəhər ərazi nümayəndəliyinə, həmçinin 11 təhsil, 10 səhiyyə, 1 meliorasiya və su təsərrüfatı müəssisələrinə, 1 statistika müəssisəsinə, 1 mərkəzi icra hakimiyyəti orqanına, 2 diplomatik nümayəndəliyə, regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb, 2 açıq səhmdar cəmiyyətdə suvarma layihələrinin icrası üzrə monitorinq aparılıb.

2017-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına aşkar olunan 7 mln. 367,9 min manat məbləğində artıq ödənişlərin 4 mln. 673,7 min manatının yoxlamaların gedişində, 81,8 min manatının isə cari ilin əvvəlində bərpası təmin edilib, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanılan ştat vahidləri ləğv edilib, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Hesabat dövründə ümumilikdə aşkar edilən yuxarıda qeyd edilən artıq ödənişlərin 10 təşkilat üzrə 2 mln. 331,8 min manat hissəsinə dair yoxlama materiallarında məniməsəmə əlamətləri müşahidə edildiyindən bu nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədlər Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilib.

Aşkar edilən əsassız ödənişlərin 4 təşkilat üzrə 280,6 min manat hissəsinə dair yoxlama materialları isə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib.

Hesabat dövründə Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubları ilə Maliyyə Nazirliyinə göndərilən prokurorluq orqanlarının qərarlarına əsasən 8 təşkilatda prokurorluq orqanlarının qərarlarında qeyd olunan suallar yoxlanılıb, aşkar edilən 678,3 min manat məbləğində artıq və əsassız ödənişlərin 57,6 min manat hissəsi yoxlamaların gedişində bərpa edilib, yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

2017-ci il ərzində müxtəlif dövlət orqanlarına ünvanlanan və həmin orqanlar tərəfindən Maliyyə Nazirliyinə göndərilən, habelə birbaşa Maliyyə Nazirliyinə daxil olmuş və araşdırılması Dövlət Maliyyə Nəzarəti Xidmətinə həvalə edilən 260-dan çox vətəndaş müraciətləri ölkə başçısının tapşırıqlarına uyğun olaraq daha diqqətlə öyrənilərək araşdırılıb, müraciətlərdə qaldırılan məsələlərin xeyli hissəsi təsdiqini tapıb və vətəndaşların hüquqları bərpa edilib. Bu səpkili 20 müraciətin araşdırılması zamanı aşkar edilən nöqsanların ciddiliyi nəzərə alınaraq araşdırılmaların nəticələrinə dair tərtib edilən sənədlər həmin nöqsanlara hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib.

Aparılan nəzarət tədbirləri ilə büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətdiklərinə görə 760 vəzifəli şəxsə ümumilikdə 639,0 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Femida.az

Açar sözlər: #maliyyə   #nazirlik   #mənimsəmə   #pul  

Oxunub: 3120