33 gün keçdi - Alpinistlərin axtarışı nə yerdədir?


15:44     29 Yanvar 2018 alpinist5.jpg


Quba rayonu ərazisində itkin düşmüş “Gilavar” hava və ekstrim idman klubunun alpinistləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin axtarışları artıq 1 ay 3 gündür ki, nəticə vermir. Hava şərtlərinin çətin olmasına baxmayaraq hazırda da onların axtarışları davam etdirilir.



Femida.az xəbər verir ki, işlər Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır. Sonradan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) də axtarışlara qoşulub.

Lakin bütün cəhdlərə baxmayaraq, alpinistlərdən xəbər yoxdur. Bu qədər uzun vaxtın keçməsinə baxmayaraq, onların hələ də sağ tapılmasına ümid etmək mümkündür. Çünki dünya alpinizm tarixində dəfələrlə bu cür hallar olub ki, hündür zirvələrdə itkin düşən alpinistlər sağ olaraq tapılıblar. Musavat.com-un araşdırmasına görə, ötən ilin aprel ayında Himalay dağlarında sevgilisi ilə birlikdə itkin düşən 21 yaşlı tayvanlı həvəskar alpinist 47 gün sonra sağ tapılıb.

BBC-nin yazdığına görə, xilasetmə qrupu Liang Sheng Yuehi təqribən 2600 metr hündürlükdə olan bir vadidə aşkar edib. Liang-ın 19 yaşlı sevgilisi Liu Chen Chun isə onlar tapılmazdan 3 gün əvvəl vəfat edib.

Liang Nepalın Katmandu şəhərindəki Grandee Beynəlxalq Xəstəxanasına yerləşdirilib və onun həyatının təhlükədə olmadığı açıqlanıb. Alpinistin itkin düşdüyü 47 gün ərzində 30 kilo arıqladığı və ayağının birinin tamamilə parazitlərlə örtüldüyü bildirilib. Liangın bu günlər ərzində su içib duz yeyərək sağ qaldığı ehtimal olunur.

Bu günlərdə isə Elbrus dağında itkin düşən iki belaruslu alpinist sağ olaraq tapılıb. Bu barədə Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cantemir Berov məlumat verib.Onun sözlərinə görə, alpinistlər yanvarın 26-da səhər saatlarında tapılıblar. 8 nəfərdən ibarət axtarış-xilasetmə qrupu və bir texnikanın köməyi ilə tapılan alpinistlər Elbrusun şərq yamacında 3600 metr yüksəklikdə aşkar olunublar.

Alpinistlərin axtarışları barədə E. Vəliyev bildirib ki, işlər davam edir: “Ərazidə çadırlar qurulub, axtarış qrupu hava şəraitinə uyğun olaraq işlərini aparırlar. Hazırda orada güclü qar yağıb. Ancaq buna baxmayaraq axtarış qrupu geri qayıtmayıb. Hələ də işlər aparılır. Ərazinin hündürdə, dərə olduğunu nəzərə alsaq deyə bilərik ki, yağan qar axtarış aparılan yerə axır. Yəni vəziyyət çox çətindir”.

Femida.az

Açar sözlər: #alpinist   #alpinizm   #dağ   #FHN   #Ekologiya   #ANAMA   #axtarış  

Oxunub: 1548