“Qarabağ problemini bu formatda bir neçə aya həll etmək olar” - Politoloqdan ŞƏRH


16:23     05 Fevral 2018 18_02_05_1517819032.jpg


Türkiyənin Suriyada keçirdiyi “Zeytun Budağı” əməliyyatı İran və Rusiya tərəfindən də dəstəklənir. Nəticə etibarilə Suriya böhranında ABŞ və Avropanın vara bilmədiyi həll yolunu bölgənin məhz bu 3 böyük ölkəsi tapmaqdadır.


Bu məqamda “üçlüy”ün Qarabağ məsələsində nə qədər effektiv ola biləcəyi sualı yaranır. Belə ki, uzun illərdir fəaliyyəti heç bir nəticə verməyən ATƏT-in Minsk qrupu artıq köhnəlmiş formatdır və bəlkə də yeni formatın zamanı gəlib. Politoloq Natiq Miri düşünür ki, bu mənada Türkiyə-Rusiya-İran formatı məsələnin qlobal çərçivədən regional çərçivəyə keçirilməsi deməkdir. O, Femida.az-a açıqlamasında Rusiya-Türkiyə-İran formatının Qarabağ məsələsinin həlli üçün düzgün seçim ola biləcəyini vurğulayıb:

“Əvvəlcə Türkiyə-Rusiya-İran formatı Suriya məsələsinin tam həllinə varmalı və dünyaya sübut etməlidir ki, bu üçlük digər regional münaqişələrin həllində də ciddi effekt verə bilərlər. Bir sözlə onların Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi çıxış etməsi Suriya böhranının nəticəsindən asılı olacaq.

Mən deyərdim ki, bu üç ölkə Suriyada sabitliyi pillə-pillə bərpa etməkdədir. Artıq ölkənin əksər bölgələrində atəşkəs təmin olunub. Rusiya-Türkiyə-İran formatı problemin qarantı imicini formalaşdıra bilib”.



Natiq Miri xüsusilə “Zeytun Budağı” əməliyyatı çərçivəsində Rusiya və İranın Türkiyə ilə xeyli yaxınlaşdığını deyib:

“Əgər bu əməliyyat öz siyasi hədəfinə çatsa, ölkələr arasında dostluq daha da güclənəcək. Avtomatik olaraq Türkiyənin bu ölkələrlə yaxınlaşması Azərbaycan üçün üstünlük olacaq.

Minsk qrupunun fəaliyyətsizliyi göz qabağındadır. Belə getsə, nə vaxtsa Minsk qrupundan imtina olunacaq. Odur ki, prosesin həlli üçün alternativ variant Rusiya-Türkiyə-İran formatı ola bilər. Bu da bizə ona görə xeyirdir ki, Rusiya və İranın Ermənistana çox ciddi təsir imkanları var”.

Politoloqun sözlərinə görə, bu format məsələnin həllini üzərinə götürmək istəsə, Minsk qrupundan fərqli olaraq prosesə bitərəf və hüquq müstəvisində yanaşmalıdır:
“Əks təqdirdə bu üçlük formatı da Minsk qrupu kimi nəticəsiz fəaliyyət göstərəcək. Necə ki, Minsk qrupunun hazırki üzvləri Ermənistana havadarlıq etdikləri üçün məsələnin həllinə varmaq olmur. Soruşa bilərsiz ki niyə? Ona görə ki, problemin həllində güzəştlər yalnız Azərbaycandan tələb olunur. Ermənistan isə həll yolu kimi yalnız Dağlıq Qarabağın müstəqilliyini tanımağı irəli sürür. Təbii ki, Azərbaycan da buna heç vaxt razı olmayacaq. Ancaq Türkiyə-Rusiya-İran formatında problemi asanlıqla həll etmək olar. Amma əvvəlcə bütün geosiyasi maraqlar bir tərəfə qoyulmalı və məsələyə tam obyektiv yanaşılmalıdır. Belə olacağı təqdirdə Dağlıq Qarabağ münaqişəsi, bir neçə ay ərzində həllini tapacaq”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #siyasət   #Qarabağ   #Türkiyə   #Rusiya   #İran   #Azərbaycan   #Ermənistan   #ATƏT  

Oxunub: 1444