"Məsələnin Təhsil Nazirliyinə aidiyyatı yoxdur" - BSU-dan təkzib


22:48     26 Fevral 2018 18_02_26_1519656568.jpg


Femida.az-a daxil olan şikayətdən sonra ictimailəşən Aysel İsmayılzadənin Bakı Slavyan Universitetindən xaric olunması məsələsi gündəmdədir.

Universitetin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev ötən həftə saytımızda gedən məqalə ilə bağlı təkzib verib. O, həmin məqalədə səsləndirdiyi fikirlərdə məsələni ətraflı izah edə bilmədiyini və tələbələrin universitetdən xaric olunmasıyla bağlı məsələnin Təhsil Nazirliyinə heç bir aidiyyatı olmadığını bildirib:

Təkzibin mətni belədir:

"24 fevral 2018-ci il tarixdə Femida.az saytında “Slavyan Universiteti Təhsil Nazirliyi ilə üz-üzə” adlı yazıda mənim fikirlərimə istinad edilərək, Bakı Slavyan Universitetinin magistratura şöbəsinin tələbəsi Aysel İsmayılovanın universitetdən xaric edilməsi barədə yazı dərc olunub. Yazıda bir çox məsələlər tərəfimizdən ətraflı açıqlanmadığından, tələbənin sənədləşmə işində problemin nədən yaranmasının səbəbləri geniş izah edilmədiyindən, müəyyən anlaşılmazlıq yaranıb və ictimaiyyət tərəfindən birmənalı şəkildə qarşılanmayıb. Sonda yazının ümumi məzmunundan belə alınıb ki, həmin tələbənin universitetdən xaric olunmasında məsuliyyət Təhzil Nazirliyinin üzərinə düşür. Sonradan femida.az-ın bu informasiyasına digər saytlar müəyyən düzəlişlər edərək tirajlayıb.

Əslində, həmin tələbənin sənədləşmə işində yaranan problem birbaşa həmin tələbənin özü ilə bağlıdır. Belə ki, o, bakalavr dövründə müvəqqəti yaşayış hüququna malik olub və universiteti fərqlənmə diplomu ilə bitirdiyi üçün müsahibə yolu ilə magistraturaya qəbul edilib. Lakin A.İsmayılovanın bu ərəfədə miqrasiya kartını dəyişib daimi yaşayış hüququ alması (5 il müddətinə) barədə nə onun özü, nə də Əcnəbi tələbələrlə iş üzrə dekanlıq ünuversitet rəhbərliyini məlumatlandırmayıb. Universitet rəhbərliyi bu səhlənkarlığa yol vermiş Əcnəbi tələbələrlə iş üzrə dekan dos. L.Quliyevanı vəzifədən kənarlandırıb, tələbələrə isə vəziyyət barədə xəbərdarlıq edib.

Hazırda daimi yaşayış hüququ olan və 2012-ci ildən universitetdə müvəqqəti yaşama hüququ ilə bakalavriat səviyyəsində təhsil almış (Nazirlər Kabinetinin qərarı 2015-ci ilə aiddir) iki nəfər tələbə barədə araşdırma davam edir. Hələ ki onlar universitetdən xaric olunmayıblar. Bu məsələnin Təhsil Nazirliyinə heç bir aidiyyatı yoxdur".

İbrahim Quliyev
BSU-nun Mətbuat Xidməti


Femida.az

Açar sözlər: #Slavyan   #Universitet   #BSU   #tələbə   #təhsil   #Təhsil_Nazirliyi  

Oxunub: 1094