"Məsələ həll olunmasa, beynəlxalq müstəviyə daşıyacam" - Hüquqşünasdan tələbə qalmaqalına münasibət


20:32     26 Fevral 2018 18_02_26_1519648394.jpg


Femida.az-ın ötən həftə işıqlandırdığı məsələ aktuallığını qoruyur. Xatırladaq ki, ötən həftə Bakı Slavyan Universitetinin magistrantı Aysel İsmayılova haqsız yerə universitetdən xaric olunduğunu iddia etmişdi. Məzun olmasına 3 ay qalan tələbə ödənişlərini vaxtında köçürməsinə və imtahanlardan uğurla keçməsinə baxmayaraq, universitetin onu qanunvericiliyin tələbinə görə universitetdə saxlamağın mümkün olmadığını bildirib.

Belə ki, Nazirlər Kabinetinin 2015-ci ildə verdiyi qərara əsasən, Azərbaycanda daimi yaşayış hüququ olan şəxslər ölkədə ali təhsil ala bilməzlər. Qeyd edək ki, Aysel universitetə 2016-cı ildə müsahibə yolu ilə qəbul olunub.

Məsələ ilə bağlı Ayselin hüquqlarını müdafiə edən hüquqşünas Ellada Bayramova açıqlama verib. O, ötən həftə məsələni aydınlaşdırmaq üçün Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva ilə görüşdüyünü deyib:

“Məsələ ilə bağlı ona iradımı bildirdim. Qeyd etdim ki, bu tələbə iki ildir burada təhsil alır, ödənişlərin hamısını vaxtında edib və ən nümunəvi tələbələrdən olub. Nəyə görə ona bu xəbəri diplom müdafiəsinə 3 ay qalmış vermisiz? Rektor mənə bildirdi ki, qanunvericiliyə əsasən, Ayselin universitetdə saxlanması mümkün deyil. Biz saxlasaq belə , Təhsil Nazirliyi ona diplom verməyəcək. Mən də bildirdim ki, nazirlik bütün universitetlərə muxtariyyət verib. Universitet daxili işləri ilə bağlı özü qərar verə bilər. Daha sonra qeyd etdim ki, tələbəni xaric etsəz belə, onun iki ildir ödədiyi təhsil haqqını qaytamalısız. Rektor cavabında bildirdi ki, bu mümkün deyil. Çünki tələbə bizdə təhsil alıb, infrastrukturdan yararlanıb. Cavab verdim ki, sizin verdiyiniz təhsilin rəsmi olaraq ona heç bir xeyri yoxdur. Çünki kağız üzərində onun təhsil almasına dair heç bir hüquqi sənədi yoxdur. Belə olan təqdirdə onun bütün pulunu da qaytarmalısız, üstəlik əlavə ödəniş də etməlisiz.



Mən Təhsil Nazirliyində də Beynəlxalq Şöbədə qəbulda oldum. Orada bildirdilər ki, biz heç nə edə bilmərik. Bu universitetin öz daxili işidir.

Hələ ki, məhkəməyə müraciət etməmişik, amma etmək fikrimiz var. Sadəcə Universitetdən veriləcək cavabı gözləyirik. Aysel xarici ölkə vətəndaşıdır. Problem həll olunmasa, məsələni beynəlxalq müstəviyə daşımağı planlaşdırıram".

Femida.az

Açar sözlər: #BSU   #Slavyan   #Universitet   #Təhsil_Nazirliyi   #tələbə   #Rusiya  

Oxunub: 3855