Vasilyevin səfəri Dağıstanda yaşayan azərbaycanlılara NƏ VERƏCƏK?


16:34     05 Mart 2018 18_03_05_1520239050.jpg


Yaxın vaxtlarda Dağıstanın rəhbəri Vladimir Vasiliev Azərbaycana gələcək. Bu səfər Vasilyevin Dağıstanın müvəqqəti rəhbəri kimi Azərbaycana ilk rəsmi səfəri olacaq.

Vasilyev Dağıstanda sabitlik yaratmaq üçün Putinin şəxsən təyin etdiyi müvəqqəti rəhbərdir və hakimiyyətə gələn kimi ölkədə apardığı “təmizləmə” əməliyyatı ilə gündəmə gəldi. Korrupsiyaya qarşı apardığı mübarizə zəmnində baş nazir də daxil olmaqla ölkənin bir çox yüksək çinli məmurunu həbs etdirdi. Onun Azərbaycana səfəri də sırf ölkəsinin inkişafı məqsədi ilə bağlı atılmış addımlardan biridir. Azərbaycanın Dağıstana investisiya qoyması və ticarət əlaqələrinin ən yüksək səviyyəyə çatdırılması hələ keçmiş prezident Ramazan Abdultalipovun vaxtından aktualdır.

Vasilyevin səfəri Dağıstana və Dağıstanda yaşayan azərbaycanlılara nə verəcək? Onun səyləri nəticəsində Dağıstanda Azərbaycan diplomatik nümayəndəliyi açıla bilərmi?

Politoloqlar və millət vəkili səfəri Femida.az-a dəyərləndirib. Politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan sabit ölkə olduğu üçün Dağıstan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır:

“Bu ölkələrin əlaqələri uzun illərdir, mövcuddur. Vaxtilə Dağıstanın iqtisadi-siyasi həyatında yüksək vəzifələrdə çalışan azərbaycanlılar çox olub. Azərbaycan amili Dağıstanın həyatında həmişə böyük rol oynayıb. Transsərhəd vəziyyət labüd edir ki, əlaqələr inkişaf etsin. Amma Qafqaz bölgəsi qeyri-sabit olduğuna və radikal cərəyanların təsirinə məruz qaldığına görə bu əlaqələrin inkişafına maneələr yaranıb.



Bilirsiz ki, Dağıstanda böyük islahatlar başlayıb. General Vasilyev hakimiyyətə yeni gəlsə də, Azərbaycanla daha əvvəldən də münasibətləri olan Rusiya funksioneridir. O, Azərbaycanın ictimai-siyasi vəziyyətinə bələddir. Bilir, ki bizim ölkə son dərəcə sabit ölkədir. Bu baxımdan iki respublika arasında diplomatik nümayəndəlyin açılması səciyyəvidir. Nümayəndəlik olarsa, xalqlar arasında ictimai əlaqələr də güclənər”.


Vasilyev Azərbaycana Rusiya Federasiyasının təmsilçisi kimi gəlir və Vasilyevə qədər Dağıstanda hakimiyyət müəyyən qüvvələrin təsiri altında idi və yalnız həmin auditoriyanın maraqlarına uyğun çalışırdı. Bu konteksdə Azərbaycanla Dağıstan arasında müəyyən problemlər yaşanırdı. Ancaq Vasilyev tamamilə fərqli və bütün etnik qruplaşmalardan kənar duran şəxsdir. Politoloq Natiq Miri belə düşünür:

“Elə onun hakimiyyətə gətirilməsinin başlıca səbəbi etnik qruplaşmalardan kənar durması, budur. Vasilyev Kremlə bağlı rəhbərdir. Odur ki onun Azərbaycana səfəri ölkələr arasında yeni münasibətlərə yol açmaq məqsədi daşıyır.



Ümumiyyətlə, bu görüşdən çox şey asılı olacaq. Azərbaycanlıların təkcə Dərbənddə yox, bütün Dağıstanda hakim vəzifələrdə olmasını istəməyən milli azlıqlar var. Söhbət separatçı ləzgi qruplaşmalarından gedir. Onların arxasında Moskvada yaşayan milyarderlər dayanır. Dağıstanda yaşayan azərbaycanlı iş adamları və etnik qruplar Azərbaycan dövlətinin dəstəyi ilə bu ölkədə yüksək vəzifələrə gətirilə bilər. Zənnimcə Vasilyevin səfərində bu məsələ müzakirə olunacaq. Çünki Azərbaycanın Dağıstanda güclü olması Rusiyada güclü olması deməkdir”.


Vasilyevdən öncəki prezident Ramazan Abdultalipov çalışırdı ki, Azərbaycanla ticari ən yüksək səviyyəyə gəlsin. Lakin Dağıstan çox korrupisyalaşmış ölkə olduğundan Azərbaycan risk etmirdi və onun istəyi baş tutmadı. Vasilyev isə vəzifəyə təyin olunan kimi korrupsiyaya qarşı çox ciddi mübarizəyə başladı. Politoloq Elxan Şahinoğlunun məsələyə münasibəti belədir:

“O, birbaşa Putinin yaxın adamı olduğundan bu səfər ciddi önəm daşıyır.
Rusiyaya daşıdığımız malların çoxu Dağıstandan keçir və zaman-zaman sərhəddə problemlər yaşanır. Zənnimcə, bu məsələ müzakirə olunacaq. O, Azərbaycandan yatırımlar istəyə bilər. Necə ki, bu gün Həştərxana investisiyalar yatırılır. Odur ki, bu görüşdə iqtisadi əlaqələr daha çox müzakirə olunacaq. Siyasi əlaqələr isə həmişə mərkəzlə - Moskva ilə qurulur.



Mümkündür ki, bu səfərdən sonra ölkələr arasında əlaqələr güclənsin. Lakin Vasilyev Azərbaycandan Dağıstana investisiyalar qoyulmasını istəyirsə, Dağıstanda azərbaycanlıların yüksək vəzifələrə təyin olunmasını diqqətdə saxlamalıdır. Çünki Gürcüstanda da vaxtilə eyni vəziyyət idi”.

Azərbaycanla Dağıstan arasındakı ticari əlqələrin böyük bir hissəsi Qusarda yerləşən sərhəd-keçid məntəqəsi vasitəsilə qurulur. Məhz bu rayondan azərbaycanlılar quru yolla Rusiyaya keçə bilirlər. Qusar rayonundan olan millət vəkili Azər Badamov Femida.az-a açıqlamasında Vasilyevin Azərbaycana səfərinin mühüm önəm daşıdığını vurğuladı:



“Rusiya ilə Azərbaycan arasındakı münasibətlər onsuz da yüksək səviyyədədir. Vasilyev isə Rusiyanı təmsil edən dövlət nümayəndəsi kimi Azərbaycana gələcək. Buna baxmayaraq Dağıstanın daxili müstəqilliyi var və Vasilyev bu səfərdə birbaşa Dağıstan-Azərbaycan əlaqələrinin gücləndirilməsinə çalışacaq. Dağıstanda çoxlu azərbaycanlılar yaşayır. Bu səfər bütün münasibətlərə müsbət təsir göstərəcək. Dağıstanın Azərbaycanda nümayəndəliyi var. Azərbaycanın Dağıstanda nümyəndəliyinin açılması isə prezidentlərin görüşündən asılı olacaq. Ehtiyac olarsa, onlar bu barədə qərar verə vilər. Dağıstanda diplomatik nüməyndəliyimizin açılmasını müsbət qarşılayıram”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #siyasət   #Dağıstan   #Dərbənd   #Vasilyev   #Azərbaycan   #səfər   #deputat   #politoloq    

Oxunub: 2224