Ordunun 100 illiyi münasibətilə möhtəşəm PARAD KEÇİRİLƏCƏK


18:19     03 Aprel 2018 publika.az1421802537parad-13az.jpg


Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı möhtəşəm hərbi parad keçiriləcək. Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani məlumatı təsdiqləyib. Bildirib ki, 26 iyunda keçirilərək hərbi paradda Azərbaycan ordusunun ən müasir silah və texnikaları nümayiş etdiriləcək.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bununla bağlı AzVision.az-a açıqlamasında deyib ki, Azərbaycanda hərbi paradın keçirilməsinə ehtiyac var. Ölkəmizdə çoxdandır ki, parad keçirilmir.

“Ötən müddət ərzində Azərbaycan çoxlu sayda müasir silah və texnikalar alıb. Bildiyimiz kimi, bu il Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyidir. Bundan başqa Ermənistan mətbuatı aprel döyüşlərindən sonra müəyyən formada öz silahları və silahlanması ilə bağlı məlumatlar yaymağa çalışır. Bütün bu proseslər fonunda xalq da artıq hərbi parad görmək istəyir. Bu, çox möhtəşəm bir tədbirdir. Ona görə hesab edirəm ki, artıq sözdən rəsmi formaya keçək lazımdır” - polkovnik bildirib.

Ş.Ramaldanov vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin paradda göstərməyə yetərincə silah-sursatı var: “Ordunun təlimlərində xalqımız silahlar, yeni texnika haqqında məhdud çərçivəsində məlumat ala bilir. Ancaq, hərbi parad numayişkaranə tədbirdir. Paradda Azərbaycan aldığı silahları həm xalqa, həm bizi istəyən və istəməyən qüvvələrə göstərəcək. Hamı hansı silah və texnikaya malik olduğumuzu görəcək”.

Naxçıvanda möhtəşəm hərbi paradın keçirildiyini xatırladan Ş.Ramaldanov vurğulayıb ki, bu paradın əks-sədası indiyə qədər gəlməkdədir: “Növbəti hərbi parad həm də böyük bayram olacaq”.

Polkovnik qeyd edib ki, paradda həm yerli, həm də müxtəlif ölkələrdən alınan ən müasir silahlar nümayiş olunacaq: “Bu paradda həm yerli müdafiə sənayesinin istehsal etdiyi və həm də Azərbaycanın bir neçə ölkədən aldığı ən müasir silahalar nümayiş olunacaq. Hansı ki, bu silahlar Azərbaycan ordusuna silahalanmasına daxil edilib. Bu silahlar 21-ci əsrin silahlarıdır. Həmin silah və texnikaları görən xalqda ruh yüksəkliyi yaranacaq. Onlar bir daha əmin olacaqlar ki, Qarabağı ordunun gücü ilə azad etmək mümkündür”.

Femida.az

Açar sözlər: #hərbi   #parad   #ordu   #Müdafiə_Nazirliyi   #100_illik  

Oxunub: 9614