Elmar Məmmədyarov nazir müavini ilə görüşdü


22:57     21 Sentyabr 2015 1440778393_elmar.jpg

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Argentina Respublikasının xarici işlər nazirinin müavini Eduardo Zuaininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


XİN-dən Femida.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycanın Cənubi Amerika regionu ölkələri, xüsusilə Argentina ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb.

Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin inkişafının məmnunluq doğurduğunu deyən nazir Elmar Məmmədyarov iki ölkə arasında xarici işlər nazirlikləri səviyyəsində mütəmadi əsasda keçirilən siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd edib.

Eduardo Zuain Azərbaycana ilk dəfə səfər etdiyini deyərək ölkəmizin qısa müddətdə əldə etdiyi sosial-iqtisadi inkişafı ilə bağlı xoş təəssüratlarını bölüşüb. Azərbaycan və Argentina arasında əlaqələrin dinamik surətdə inkişaf etdiyini qeyd edən Eduardo Zuain iki ölkə arasında sənaye, energetika, kənd-təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu söyləyib.

Birgə səylər vasitəsilə iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi məqsədilə tezliklə hökumətlərarası iqtisadi komissiyanın iclasının keçirilməsi ilə əlaqədar müsbət niyyət ifadə olunub.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Argentina arasında mövcud olan əməkdaşlığın və qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı BMT Baş Məclisinin qarşıdan gələn sessiyasının gündəliyində duran məsələlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 767