Bakı kəndlərinə gedənlərin nəzərinə!

Bakı kəndlərinə gedənlərin nəzərinə!

13:43     21 Aprel 2018 18_04_21_1524303487.jpg


Metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Beynəlxalq Hava Limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası yekunlaşdırılıb. Belə ki, yol kənarı məhəccərlənib və bu gündən etibarən ərazidəki avtobus dayanacaq məntəqəsi ləğv edilib.

Femida.az xəbər verir ki, məsələylə bağlı “Qafqazinfo”nun əməkdaşları bu gün səhər saatlarında sözügedən ərazidə olublar və yaranmış hazırki vəziyyəti müşahidə ediblər. Bakı Nəqliyyat Agentliyi və polis əməkdaşlarının birgə fəaliyyəti nəticəsində sərnişinlər və nəqliyyat vasitələri yeni dayanacağa, yəni “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə yönəldilib. Ərazidə saxlamaq istəyən marşrut sürücüləri isə cəzalandırılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Qafqazinfo”ya bildirib ki, avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar artıq metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçir. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib:

“Ərazidə qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar və yaxud benzin pulu üçün yolustü sərnişin götürənlər buradan keçən avtobuslara dayanacağa girməyə imkan vermirdi. Odur ki, belə olduğu təqdirdə yolda xaotik vəziyyət yaranırdı. Həm Heydər Əliyev, həm Ziya Bünyadov prospektində, eyni zamanda Mikayıl Əliyev küçəsində tıxac yaranırdı. Bəzən bu tıxac kilometrlərlə uzana bilirdi.

Bakı Olimpia Stadionunun yaxınlığındakı yeraltı keçid istifadəyə verildikdən sonra Mübadilə Mərkəzindən çıxıb Bakıətrafı kənd və qəsəbələrə gedən bir çox marşrut avtobuslarının Böyük Şor qovşağından keçməsinə ehtiyac olmayacaq”.

Bundan başqa, M. Ağayevin sözlərinə görə, yağışlı və günəşli havalarda sərnişinlərin rahat hərəkəti üçün BNA metro stansiyasından Mübadilə Mərkəzinə kimi olan məsafədə üstüörtülü dəhlizin yaradılması təklifini edib.

Femida.az

Açar sözlər: #yol   #nəqliyyat   #Bakı   #BNA  

Oxunub: 1440