Müəmmalı qətllə bağlı konfrans keçirilib


22:22     23 Sentyabr 2015 qetllll.JPG

Oğuz rayon sakini 16 yaşlı Aytac Hüseynova anası Aynur Hüseynovanın bu il avqustun 19-da müəmmalı ölümü ilə bağlı mətbuat konfransı keçirib.


Femida.az-ın məlumatına görə, A. Hüseynova bildirib ki, anası qətlə yetirilib:

“Atamın birinci həyat yoldaşı Rübabə Hüseynova anamın üstünə benzin tökərək yandırıb”.

Aynur Hüseynovanın bacısı Xatirə Mürsəlova da rayonun Sincan kəndində yaşayan bacısının qətlə yetirildiyini iddia edib. Onun sözlərinə görə, A. Hüseynova ölüm ayağında hadisənin necə baş verdiyini ona danışıb: "Bacım 9 gün xəstəxanada qalandan sonra dünyasını dəyişdi. O dedi ki, Rübabə bacımın üzərinə benzin tökərək yandırıb. Həmin vaxt Rübabənin oğlu da orada olub. Rübabə daha əvvəl bacımı dəfələrlə hədələyib. Bizə bildirdilər ki, guya bacım kömür quyusuna düşüb”.

X. Mürsəlova hadisə ilə bağlı indiyədək heç kimin məsuliyyətə cəlb olunmadığını deyib. O, faktın araşdırılması üçün İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya, baş prokuror Zakir Qaralova müraciət edib.

Rübabə Hüseynovanın oğlu Məhəmməd Hüseynov isə jurnalistlərə açıqlamasında bildirib ki, A. Hüseynova özü-özünü yandırıb: "Atamla söhbət edirdim, analığım bizim danışığımızı səhv anladı, atama etirazını bildirdi və aralarında mübahisə yarandı. Atam ona söhbəti səhv anladığını deyərək, sakitləşdirməyə çalışdı. Daha sonra analığım tövləyə girdi və biz qışqırtı səsinə gələndə gördük ki, o, özünü yandırıb. Atamla mən ona kömək etdik və Oğuz Rayon Xəstəxanasına apardıq. Sonra oradan Bakıya göndərildi, Bakıda xəstəxanada dünyasını dəyişib".

Açar sözlər:

Oxunub: 1294