Cümhuriyyətin süqutundan 98 il ötür


15:53     28 Aprel 2018 18_04_28_1524902166.jpg


Bu gün Azərbaycanın bolşeviklər tərəfindən işğal olunmasının 98-ci ildönümüdür.


1920-ci il aprelin 27-də son iclasını keçirən Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti rus ordusunun ölkəni işğal etdiyini nəzərə alaraq hakimiyyəti yerli bolşeviklərə təhvil verir. Aprelin 28-də Hərbi İnqilab Komitəsi bolşeviklərin lideri Vladimir Leninə "Biz Bakı neftini ələ keçirdik" məzmunlu teleqram göndərir.

Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilir. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan AK(b)P MK-ya məxsus idi.

İlk dövrdə ortaya atılmış "Müstəqil Sovet Azərbaycanı" şüarı isə işğalı pərdələmək üçün bolşeviklərə müəyyən dövr üçün lazım olan taktiki manevrdən başqa bir şey deyildi.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Femida.az

Açar sözlər: #siyasət   #AXC   #Cümhuriyyət   #bolşevik  

Oxunub: 2633