Azərbaycanda 147 süni göl ləğv edildi
15:54 21 İyun 2018
Ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlili aparılıb. Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində respublika üzrə ümumilikdə 529 balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb.
Komitədən Femida.az-a verilən məlumata görə, Torpaq Məcəlləsinə əsasən kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda, məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada yol verilir. Lakin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti qaydasında aparılan monitorinqlər və araşdırmalar zamanı müəyyən edilib ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılır. Həmin gölməçələrin əksəriyyətindən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilir. Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır.
Monitorinqlər nəticəsində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 147 süni göl ləğv edilib. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.
Hazırda 382 təbii və süni göl fəaliyyət göstərir. Bu göllərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən dövlət fondu qış otlaq sahələrində yaradılıb. Bunlardan 33-ü təbii, 349-u isə süni balıq gölləridir. Süni balıq göllərindən 14-ü meşə fondu torpaqlarında, 37-si su fondunda, 298-i isə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb. Təyinatına uyğun olmayan torpaq sahələrində mövcud olan 188 hal barədə inzibati protokol tərtib edilərək 85 000 manat cərimə yazılıb. 25 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib. Hazırda 45 gölün fəaliyyətinin araşdırmaları davam etdirilir.
Monitorinqlər zamanı balıq göllərinin əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında yaradıldığı məlum olub.
Süni göllərin ən çox Neftçala, Salyan, Biləsuvar, Sabirabad rayonlarında yaradılması aşkar edilib.
Balıq gölü yaradılması üçün torpaq ayrılması barədə müraciətlər Komitəyə daxil olduqda yalnız təyinatı üzrə nəzərdə tutulmuş torpaqlara rəy verilir.
Femida.az
Oxunub: 1092
Oxşar xəbərlər
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb
- Ağstafada 16 yaşlı oğlan süni göldə boğulub
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- Göygöldə avtomobil qəzası olub, ölən var
- Qusarda 20 yaşlı oğlan göldə boğulub
- Göygöldə və Yevlaxda qətl törətdən müəllimin məhkəməsi başlayır
- Göygöldə iki yük avtomobili toqquşub, Türkiyə vətəndaşı ölüb
- Göygöldə minik maşını aşıb, sərnişin ölüb
- Zəngilanda alternativ enerjinin istehsalı üçün süni göl yaradılır