Gəncə hadisələrində qadın izi

Gəncə hadisələrində qadın izi

17:06     16 İyul 2018 2018/07/genceeee1531318723_gence_1531747180.jpg

Nardarana girmək müşkül məsələ idi. Kənd sakini adı ilə birtəhər İmam Hüseyn meydanına çatdım.



Hər iki-üç metr məsafədə kişilər tonqal qalamışdı. Ətraf efirdən gördüyünüz Suriya görüntülərini xatırladırdı. Əl boyda körpələrin əlinə dəmir parçaları vermişdilər. Onlaq qaz trubalarına dəmirlə döyəcləyirdi. Qadınlar isə məntəqə deyilən əraziyə toplanmışdı. Arada bir çıxıb “ Kişi deyilsiniz, kişi olsanız, meyidlərimizi alarsınız” deyirdilər. Bu o demək idi ki, Nardaran kişiləri ekspertizada olan meyidləri almaq üçün kəndin girişindəki polislərə hücum çəkib, şəhər mərkəzinə getməli idilər. Qadınlar açıq şəkildə şantaj leksikonu ilə kişiləri provokasiyaya çəkirdilər. O kişilər qadınların qohum-əqrəbası, əri, qardaşı idi. Ailə qoruyucusu olan qadın doğmalarını oda atırdı...




Oxuduqlarınız faktdır. Çoxunuz Taleh Bağırzadədən danışan, oyuncağa çevrilmiş körpələri görmüsünüz. Elə “Polis Nardarana addım ata bilməz” deyib haray-həşir qoparan qadınları da. Fakta isə zaval yoxdur. Həmin reportajdan qıcıqlananlar hələ də təhqir edir, hədə-qorxu gəlir.
Gəncədə iki polisin şəhid olduğu günün səhəri Gəncədə idim. Hadisəni gözləri ilə görən, şahidi olan kifayət qədər adamla danışdım. Onların içərisində hadisəni polisə verdiyi ifadəsi ilə təqdiqləyənlər də var:



“Axşam saatları idi. Həmişəki kimi Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında gəncəlilər gəzişir, dincəlirdilər. Fontanın ətrafında , bir az aralıda da qadınlar dayanıb söhbətləşirdi. Həmin günü terrorist Yunis Səfərova dəstək üçün bir qisim adamın meydana toplaşacağı xəbəri dolaşırdı. Bunu heç kim ciddi qəbul etməmişdi. Nə vətəndaş, nə polis. Vətəndaş gündəlik həyatını yaşayır, Gəncə İcra Hakimiyyətinin qarşısında dincəlir, polis isə xüsusi hazırlıq görmədən gündəlik rejimdə işləyirdi. Qəfildən fontanın ətrafında toplaşan qadınların bəziləri çantalarından, əllərindəki torbalardan qab-qacaq çıxarıb, ətrafa tullamağa, sındırmağa başladı. Hər şey anidən baş verdi. Əlində özləri Zülfüqar qılıncının formasında kiçik xəncərlər olan adamlar peyda oldu. Onların qılıncı Zülfüqar qılıncının maketi idi. Necə ki özləri də dindarların əldəqayırması, maketi idilər. Onlar qışqır-bağır salıb, diqqət toplamağa çalışırdılar. Meydana heç təsadüfi deyil ki, uzun illər hüquq-mühafizə orqanlarında təcrübəsi olan, gəncəliləri və Gəncəni yaxşı tanıyan iki rəis müavini çıxmışdı. Əli silahsız, qorumasız. Xəncərləndiyi anda belə İlqar Balakişiyev “Gəncəlilər mənə əl qaldırmaz” deyib. Bu əminliyi ona illərin təcrübəsi vermişdi.



Qatillər meydandan qadınların köməyi ilə qaça bilmişdi. Az əvvəl fontanın ətrafına toplaşan qadınlar indi də yaralı polislərin ətrafına ətdən çəpər çəkmişdi. Beləliklə polislər qadınları əzib keçə bilməmişdi. Gəncədə də qadınlardan istifadə edilmişdi.

Gəncədəki terror hadisəsini konteksdən çıxarmağa cəhd edən, sosial şəbəkə vasitəsilə ajiotaj yaradan, “Bibər qazı məni boğdu” deyib ah-nalə çəkən də qadın idi. Baş örtülü, Sumqayıtın Corat qəsəbəsindən olan qadın... Və maraqlıdır ki, Sumqayıt sakini hadisələrdən əvvəl Gəncəyə gəlib. Burada əvvəl “Çayqıraqlı”deyilən ərazidə qonaq qalıb. Qeyd edim ki, hər iki qatil də Gəncənin məhz bu ərazisində yaşayır. Daha sonra isə günlərlə Gəncədə lüks hoteldə qalıb.
Həqiqət birdir. İnsanlar reallıq hissini itirəndə və cəzasızlıq hissinə qapılanda cinayətin bir addımlığında olur. Bu hisslərin isə bircə səbəbi var, o da xurafat, cahillik və savadsızlıq. Qanunları bilməmək, qanunsuzluğa əsas vermir. Qadınlıq isə qanunların fövqündə deyil. Heç kim düşünməməlidir ki, cinayəti törədən qadındırsa, ona güzəştə gediləcək.
Bu, necə bir inancdır ki, qadını, uşağı qabağa verir? Qadından, uşaqdan, oyuncaq, marionet kimi istifadə edir...



Tarixin bütün dövrlərində dinə meylli də, elə dinin qurbanları da qadınlar olub. Qadın onun heç bir hüququnu tanımayan, kişiyə köməkçi vasitə kimi baxan dinlərin istəyərək köləsinə çevrilib. Axı indi cahiliyyə dövrü deyil. Özünü tapa bilməyən insanlar üçün həyat yeknəsəkdir. Özünü tapa bilməmək, öz imkanlarını, bacarıqlarını kəşf edə bilməmək onları başqalarının uydurduğu qanunlara tabe edir. Əsl qanunlara zidd getməyə çağırır.

Bütün cəmiyyətlərin gələcəyi qadınların iki ovcunun arasına buraxılıb. O ovuclar qan çiləyə bilməz. Nakişilər isə qadınlara göstərilən etimaddan istifadə edə bilməz. Qadınlar din pərdəsi altında istifadə olunur. Suriyaya gedənlər özləri ilə bərabər həyat yoldaşlarını, qızlarını da aparır. Onlar Suriyada seks köləsinə çevrilir. Qadın yenə istifadəyə, cinayətə ortaqlığa susur...



Gəncə, 11 iyul, gecə saat 3. Sosial şəbəkədə iki jurnalistfasonun statusunu gördüm :”Deyəsən Gəncə İcra Hakimiyyətinin qarşısında çaxnaşmadır. Güllə səsləri eşidilir. Mən o saatlarda hələ də İcra Hakimiyyətinin qarşısında idim. Hər iki jurnalistfasona yazdım. Məlum oldu ki, heç biri Gəncədə deyil. Amma o səsi eşidiblər. Yəqin ki, cənubdan gələn səs onlara daha tez çatıb. Bu jurnalistfasonların birinə cinayət işi açıldığı üçün, digəri isə namizəd olduğu üçün ad çəkmirəm. Demək ki, bibər qazı ilə boğulan qadın yalnız birdəfəlik istifadə üçün uyğun imiş...
Ardı olacaq

Günay Arda

Femida.az

Açar sözlər: #Gəncə   #Qadın   #Jurnalist   #Şəhid   #Zabit   #Günay_Arda  

Oxunub: 5134