Elmar Məmmədyarov yeni səfirlə görüşdü


21:21     09 Oktyabr 2015 c316cc020465d7a54adac1b0da48ca35.jpg

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysini qəbul edib.


XİN-in mətbuat xidmətindən Femida.az - a verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazirə təqdim edib. E. Məmmədyarov iki ölkə arasında siyasi əlaqələrin inkişafının məmnunluq doğurduğunu deyib. O, BMT və İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində BƏƏ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar daim nümayiş etdirdiyi ədalətli mövqeyin və iki ölkə arasında çoxtərəfli formatlarda qarşılıqlı dəstəyin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. Nazir iki ölkə arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadiyyat, ticarət, turizm, sərmayələr və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirib. Turizm sahəsində əməkdaşlığın təşviq edilməsi üçün qarşılıqlı şəkildə viza sisteminin sadələşdirilməsi istiqamətində iş aparıldığını söyləyib.

Səfir ölkəsinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyanın ən səmimi salamları və xoş arzularını çatdırıb, iki ölkə arasında siyasi dialoqun və mütəmadi əsasda aparılan siyasi məsləhətləşmələrin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin təqdirəlayiq hal olduğunu deyib. O, fəaliyyəti dövründə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin, turist axınının artırılması və sərmayələrin təşviq edilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 818