Azərbaycanda 2 milyona yaxın iş yeri yaradılıb - Son 15 ildə

Azərbaycanda 2 milyona yaxın iş yeri yaradılıb - Son 15 ildə


11:05     17 Oktyabr 2018 1426079192_turistbaki.jpg


1992-ci ildə BMT tərəfindən 17 oktyabr tarixinin Ümumdünya Yoxsulluqla mübarizə günü kimi elan edilməsi bütün dünyada yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədinə xidmət edib.

Yoxsulluğun azalmasında əhalinin məşğulluq imkanlarının artırılması da mühüm rola malikdir. 2003-2017-ci illərdə Azərbaycanda 1,4 milyonu daimi olmaqla, 1,9 milyon yeni iş yeri yaradılıb, məşğulluq imkanları əhəmiyyətli şəkildə artmaqla, əmək bazarında sabitlik, işsizliyin 5 faizə enməsi təmin olunub. Yeni iş yerlərinin açılması daimi xarakter almaqla yanaşı, dövlət məşğulluq xidmətləri, işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təminatı tədbirləri də getdikcə gücləndirilir. Təkcə bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 44,8 min nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib, 865 nəfər ödənişli ictimai işlərə göndərilib. Nazirliyin xətti ilə cari ilin 9 ayında ümumilikdə 2075 nəfər peşə hazırlığına cəlb olunub.

Bu gün ölkəmizdə yoxsul ailələr ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunub. Respublika üzrə 2018-ci ilin 1 oktyabr tarixinə orta hesabla (Naxçıvan MR istisna olmaqla) 50,2 min ailə (200,2 min ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edilir və ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 165,4 manatdır. Bununla yanaşı, aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi yolu ilə onların sosial yardım proqramından asılılığının aradan qaldırılmasına və kiçik ailə biznesinə sahib olmaqla sahibkarlığa çıxış əldə etmələrinə də şərait yaradılır.

Dövlət başçısının müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı bu sahədə xüsusi əhəmiyyəti ilə seçilir və proqrama cəlb olunmaq üçün müraciət edənlər arasında sosial cəhətdən həssas qruplara, aztəminatlı ailələrin nümayəndələrinə xüsusi üstünlük verilir. İşsizliyin və nəticə etibarilə yoxulluğun aradan qaldırlmasında mühüm rola malik olan özünüməşğulluq proqramına ötən il ərzində 1200 nəfər cəlb olunubsa, 2018-ci ildə 7 minədək işsiz vətəndaşın özünüməşğulluq proqramı çərçivəsində ailə əməyinə əsaslanan kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Onların artıq kiçik ailə biznesini qurmaları üçün mal və materiallarla təmin olunmasına başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə, alət olacaq. Eyni zamanda, bu gün dövlətdən sosial yardım alan ailələr dövlət tərəfindən, dövlət dəstəyi ilə onlara lazımi vəsait veriləndən sonra öz həyatlarını özləri quracaqlar və öz maliyyə imkanlarını böyük dərəcədə artırmış olacaqlar”, deyə bildirib.

Azərbaycanda aparılan güclü sosial siyasət ölkədə sosial təminat sisteminin də ildən-ilə güclənməsinə şərait yaradır. Buna misal olaraq, son 15 ildə pensiyalarda 11,3 dəfə, ümumilikdə dövlət büdcəsinin sosialyönümlü xərclərində 10 dəfə, o cümlədən sosial müdafiə və sosial təminat xərclərində 11 dəfə artım qeydə alınıb.

2015-ci ilin sentyabrında BMT sammitində dünyada aclığa son qoymaq, insan həyatını dəyişmək və planetimizi qorumaq üçün birgə razılaşdırılmış hədəflərdən ibarət olan yeni Dayanıqlı İnkişaf Məqsədləri qəbul edilib. Azərbaycan da Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq, bu Məqsədlərin hər biri üzrə fəal siyasət həyata keçirir.

Ümumiyyətlə, ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi prosesləri, sosial firavanlığın təminatı istiqamətində atılan mühüm addımlar yoxsulluğa qarşı mübarizə sahəsində qarşıdakı dövrdə də mühüm uğurların qazanılmasına imkan verəcəkdir.

Femida.az

Açar sözlər: #iş   #yoxsulluq   #vakansiya  

Oxunub: 499