Dövlət bayrağı ilə bağlı bu qayda tez-tez pozulur - Əslində Bayraq harada yerləşdirilməlidir?


16:06     20 Dekabr 2018 2018/12/570022_487260_1545307897.jpg

Azərbaycan Respublikasının Dövlət atributlarından biri də Dövlət bayrağıdır.


Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydası təəssüflər olsun ki, bəzi məqamlarda ciddi şəkildə pozulur. Hətta rəsmi tədbirlərdə bu kimi hallara rast gəlinib.


Femida.az bu yazıda Azərbaycan Respublikasının Dövlət bayrağının istifadə qaydalarına aydınlıq gətirib. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında ayrıca qanun mövcuddur. 8 iyun 2004-cü ildə qəbul edilmiş Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.
Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür.


Bayraqla bağlı daha çox səhvə yol verilən hallardan biri də Dövlət bayrağının yerləşdirilməsi ilə bağlıdır.


Qanuna görə, Azərbaycan Respublikasının Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.

Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.

Bu Qanunu pozanlar hansı məsuliyyəti daşıyır?

Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.



Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #Qanun   #femida   #hüquq   #Bayraq  

Oxunub: 4578