Rusiyadan əsgərimizin meyitinin qaytarılmamasına MÜNASİBƏT


21:51     12 Yanvar 2017 esgerimiz2.jpg

"Bu faciəvi insident Azərbaycanla Ermənistan arasında baş verib. Hesab edirik ki, iki ölkə özündə müdriklik, güc və diplomatik imkan tapıb, bu problemi həll etməlidir".


Femida.az xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova APA-nın "Ermənistan bütün çağırışlara məhəl qoymayaraq, ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən insident zamanı həlak olmuş Azərbaycan hərbçisinin cəsədini qaytarmır. Rusiya XİN-in buna münasibəti necədir?" sualına cavabında deyib.

M. Zaxarova deyib ki, ölkələr bu çətin situasiyanı həll etməlidir. "Bu problemin açarı hər iki tərəfin əlindədir", - deyə o bildirib.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyidi qarşı tərəfdədir.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyidinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1976