Konstitusiya Məhkəməsi zaminliyin ləğvinə dair şərti müəyyən edib
21:46 02 Avqust 2019
Konstitusiya Məhkəməsi Plenumu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul edib.
Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Plenumun iclasında Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu qərara alıb ki, Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır.
Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.
Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir.
İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Femida.az
Oxunub: 460
Oxşar xəbərlər
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Konstitusiya Məhkəməsi inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı qərar elan edib
- Konstitusiya Məhkəməsi xüsusi müsadirə edilməli əmlakla bağlı qərar çıxarıb
- Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən qərardad çıxarıb
- Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib
- Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
- Konstitusiya Məhkəməsi əmək müqaviləsinin ləğvini nəzərdə tutan hallara dair qərar qəbul edib
- Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
- Konstitusiya Məhkəməsi prokurorun səlahiyyəti ilə bağlı məsələni şərh edib
- Konstitusiya Məhkəməsi Türkiyə vətəndaşının şikayətini icraata qəbul etdi