"Korrupsiyaya qarşı qəti mübarizə aparılır" - Fikrət Məmmədov


19:30     28 Oktyabr 2019 2019/10/FB360F5F-D889-44CC-95DD-06FCBCBEBB5B_1572276779.jpeg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəti siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılır, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Ölkəmiz 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bu günlərdə İsveçrənin Cenevrə şəhərində Assosiasiyanın rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası keçirilib. Qanunun Aliliyi və Antikorrupsiya Mərkəzinin Cenevrədəki Ofisində təşkil olunan tədbirdə qurumun vitse-prezidenti, ölkəmizin Ədliyyə naziri Fikrət Məmmədov iştirak edib.

İclasda beynəlxalq antikorrupsiya tədbirləri, qurumun gələcək fəaliyyəti və digər təşkilati məsələlər müzakirə olunub.

Tədbirdə F.Məmmədov çıxışlar edərək respublikamızda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı aparılan qəti mübarizə, Azərbaycan brendi olan “ASAN xidmət”in bu sahədə mühüm fəaliyyəti, ölkəmizin səmərəli beynəlxalq antikorrupsiya əməkdaşlığı, xarici tərəfdaşlarla məlumat mübadiləsi və birgə tədris tədbirləri barədə məlumat verib. Təşkilatın inkişafına dair Ədliyyə nazirinin irəli sürdüyü təkliflər və təşəbbüslər bəyənilib.

Səfər çərçivəsində bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilib, antikorrupsiya sahəsində birgə fəaliyyətə dair faydalı danışıqlar aparılıb. Həmsöhbətlərin diqqəti, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 573