Ali Məhkəmədə ədliyyə sisteminin təkmilləşdirilməsi ilə bağlı konfrans keçirilib


17:10     28 Noyabr 2019 2019/03/trend_ali_mehkeme_main_1553928835.jpg

Noyabrın 28-də Azərbaycan Respublikası Ali Məhkəməsində “Azərbaycanda ədliyyə sisteminin təkmilləşdirilməsi və onun İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna uyğunlaşdırılması” mövzusunda konfrans keçirilib.


Femida.az xəbər verir ki, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin hakimlərinin iştirak etdikləri konfransda Avropa Şurasının proqram meneceri Mahir Müşteidzadə tədbirin təşkilinə və əməkdaşlığa görə Ali Məhkəmənin rəhbərliyinə minnətdarlığını bildirib. O belə tədbirlərin ədliyyə sisteminin təkmilləşdirilməsi sahəsinə töhfə verəcəyini vurğulayıb.

Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes tədbirin “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyası”nın 2-ci, 3-cü və 5-ci maddələri ilə bağlı Azərbaycana aid işlərdə çıxarılan qərarlara, Konvensiyanın milli səviyyədə tətbiqinə dair toxunulan məsələlərə həsr olunduğunu bildirib. Eyni zamanda, Azərbaycanda ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində Ali Məhkəmə tərəfindən həyata keçirilən tədbirlər, “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyası”nın kontekstində, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin perspektivləri baxımından qərarların əsaslandırılması ilə bağlı məsələlərin müzakirəyə çıxarıldığı qeyd olunub. Bildirilib ki, tədbirin əhəmiyyəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin statistikası ilə əlaqədardır. Belə ki 2018-ci ilin sonunadək Azərbaycanla bağlı çıxarılan qərarların yarıdan çoxu 2-cü, 3-cü, 5-ci maddələrin pozulması ilə bağlıdır. Digər tərəfdən tədbir bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın aktuallığı ilə bağlıdır. Bu Fərmanda Azərbaycanda vahid məhkəmə təcrübəsinin tətbiqi, yerli məhkəmələr tərəfindən hüquqi məsələlərin həlli, normativ hüquqi aktların tətbiqində ümumi yanaşmanın formalaşması, Ali Məhkəmənin görəcəyi işlər və digər məsələlər əksini tapıb.

Zoltan Hernyes ədliyyə sahəsində islahatların aparılması, məhkəmə hakimlərinin bacarıqlarının artırılmasına dair Avropa Şurasının həyata keçirdiyi layihələri dəstəklədiyinə görə Ali Məhkəmənin sədrinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev bildirib ki, ölkəmizdə ədliyyə sisteminin təkmilləşdirilməsi uzun illərdir dövlət fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib və bu sahədə intensiv işlər davam etdirilir. Buna bariz nümunə kimi, Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı göstərmək olar.

Ali Məhkəmənin sədri deyib ki, ölkəmizdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi və tətbiqi əslində məhkəmə sisteminin müasirləşdirilməsinin tərkib hissəsi kimi nəzərdən keçirilir. Bu sahədə əsaslı nailiyyətlər əldə olunub. Şərqdə ilk demokratik respublika olan Azərbaycan insan hüquq və azadlıqlarına hörmət və digər əsas demokratik ideyalara sahib qalaraq, onları həyata keçirməyi özünün məqsədi elan edib.

Bildirilib ki, milli məhkəmələr bütövlükdə insan hüquqlarının müdafiəsində səmərəli vasitə kimi çıxış etməlidir. Ali Məhkəmədə baxılan işlərdə insan hüquq və azadlıqlarının pozulub pozulmaması yoxlanılmalı, pozulmuş hüquqlar bərpa olunmalıdır. Ali Məhkəmə, həmçinin milli hüququn insan hüquq və azadlıqları haqqındakı müddəalarının milli səviyyədə tətbiqi zamanı hüquqi mövqeyin formalaşdırılması, bu müddəaların Konvensiyanın və Avropa Məhkəməsinin presedentləri əsasında şərhi və tətbiqi üçün zəmin hazırlamalıdır. Konfrans bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, Ali Məhkəmənin Plenumunda qəbul edilmiş qərarlar, insan hüquq və azadlıqlarının səmərəli təmininə, onların məhkəmədə müdafiəsi zamanı tətbiq olunan hüquq normalarının Avropa Məhkəməsinin presedentləri kontekstində şərh olunmasına xidmət edir. Plenum bir sıra qərarlarında məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlar verərkən Konvensiyanın müddəalarına, Avropa Məhkəməsinin presedentlərinə istinad olunmasını tövsiyə edib. Ali Məhkəmənin Plenumu “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 2009-cu il 3 noyabr tarixli qərarında azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı hüquq normalarını Avropa Məhkəməsinin presedentləri prizmasında izah edib. Dövlətin pozitiv öhdəlikləri ilə bağlı Avropa Məhkəməsinin mövqeyi Azərbaycanın məhkəmə təcrübəsinə mühüm təsir göstərib. Hakimlərimiz dövlətin pozitiv öhdəliklərinə istinad edib qanunvericiliyin müxtəlif normalarına şərh verməklə onları inkişaf etdirir, bu öhdəliklər prizmasında insan hüquq və azadlıqlarının təmin edilməsinə nail olurlar.

Ali Məhkəmənin sədri Ramiz Rzayev vurğulayıb ki, dövlət orqanları və dövlətin vəzifəli şəxslərinin insan hüquq və azadlıqlarını pozması nəticəsində şəxsə dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı Ali Məhkəmənin Plenumunun qərarları da qanunvericilikdə olan boşluğun ədalətli satisfaksiyaya nail olmaq üçün doldurulması baxımından əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan məhkəmələrində ədalət mühakiməsini həyata keçirən hər bir hakim insan hüquq və azadlıqlarının beynəlxalq standartlara müvafiq qaydada təmin edilməsinin dövlətin əsas məqsədi olmasını dərk edir. Bu vəzifənin layiqincə yerinə yetirilməsi üçün hakimlər bilik və bacarıqlarını daim təkmilləşdirməli, canlı mexanizm kimi dəyərləndirilən Avropa Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin daim inkişafda olan təcrübəsindən faydalanmalı, ümumi işə - insan hüquqlarının müdafiəsinə töhfə verməlidir.

“Ali Məhkəmə Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirib. Bu Fərman bizim üçün yol xəritəsidir və Azərbaycan məhkəmələri üçün tarixi mərhələdir. Fərmandan irəli gələn məsələləri həyat keçirsək, əminəm ki, məhkəmələrimizin fəaliyyəti daha da təkmilləşdiriləcək. Bu tədbirlərin əsas məqsədi ölkə daxilində vətəndaşlarımızın hüquqlarının mükəmməl şəkildə qorunmasıdır”, - deyə Ali Məhkəmənin Sədri vurğulayıb.

Tədbirdə Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev “Azərbaycanda ədliyyə sisteminin təkmilləşdirilməsi ilə bağlı Ali Məhkəmə tərəfindən həyata keçirilən tədbirlər”, Avropa Məhkəməsinin hüquqşünası Xəqani Quliyev “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyası”nın 2-ci və 3-cü maddələri ilə bağlı Azərbaycana aid işlərdə ortaya çıxan məsələlər”, Avropa Məhkəməsinin hüquqşünası Vüqar Fətəliyev “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyası”nın 5-ci maddəsi ilə bağlı Azərbaycana aid işlərdə ortaya çıxan məsələlər”, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif Hüseynov “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyası” konstekstində ölkədaxili məhkəmələr tərəfindən qərarların əsaslandırılması”, Avropa Şurasının Proqram meneceri Mahir Müşteidzadə “Azərbaycana aid qərarların icra mexanizminin təkmilləşdirilməsi” mövzularında məruzələrə çıxış ediblər.

Konfransda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyası”nın tətbiqinə dair digər məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 489