Ermənistanın cəhdi puça çıxdı, Azərbaycan Zəngəzur dəhlizini genişləndirir


12:50     12 Mart 2022 22_03_12_1647075056.jpg

“Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib

Onun sözlərinə görə, sazişə əsasən Araz çayı üzərində tikilən körpülər vasitəsilə Zəngilan rayonu ilə Ordubad rayonu avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xətləri ilə birləşdiriləcək: “Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Bu saziş Azərbaycan və İranın dövlət maraqlarına xidmət edən layihənin reallaşması üçün yeni mərhələnin başlanması deməkdir. Sənəddə həmçininq qeyd edilib ki, tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürür. Tərəflərin qanunvericiliyi ilə müəyyənləşdiriləcək şirkət tərəfindən layihə sənədləri bir ay müddətində hazırlanacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılacaq. Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. Bundan əlavə, İranı Naxçıvanın Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirəcək. Körpülərin layihələndirilməsi və tikintisi üçün isə tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət Birgə İşçi Qrup yaradılacaq”.

Komitə sədri vurğulayıb ki, bu saziş ilə əslində Azərbaycan Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirir: “Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin şimal istiqaməti ilə bir-birini tamamlayacaq, lazım gəldikdə isə əvəz edəcək bu yeni kommunikasiya yolu Azərbaycanın və tərəfdaşlarının imkanlarını xeyli genişləndirəcək, hər-hansı bir dövlətin inhisar mövqeyini aradan qaldıracaq”.

Açar sözlər:

Oxunub: 3591