Ərdoğanın Gəncə səfərinin - PƏRDƏARXASI


15:07     17 Fevral 2016 erdogan0.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycana səfər edəcək. Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun açıqlamasında bildirib ki, Ərdoğan Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.


Regionda geosiyasi gərginliyin artdığı, Rusiya-Türkiyə münasibətlərinin yenidən tarıma çəkildiyi bir vaxtda Ərdoğan Azərbaycana səfərə gəlir. Səfərin siyasi əhəmiyyət daşıdığı açıq aydın görünür. İki dövlət arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsi məqsədilə Gəncədə yüksək səviyyəli iclas keçiriləcək.

Poitoloqlar hesab edirlər ki, səfər çərçivəsində daha çox siyasi məsələlərin müzakirə olunacağı gözlənilir.

Politoloq Qabil Hüseynli bildirdi ki, Yaxın Şərqdəki geosiyasi vəziyyət müzakirələrin mövzusuna təsirsiz ötüşməyəcək:

“Bilindiyi kimi, iki dövlət arasında Strateji Əməkdaşlıq Şurası fəaliyyət göstərir. 6 aydan bir həmin şura öz iclasını keçirir. Gəncədəki görüş də həmin plana uyğun olaraq təşkil olunub. Nəzərə almaq lazımdır ki, bu görüş regionda geosiyasi vəziyətin gərginləşdiyi bir dövrə təsadüf edir. Buna görə də siyasi məsələlərin müzakirə olunacağı istisna edilmir. Məlum olduğu kimi Səudiyyə Ərəbistanı və Türkiyə islam koalisiyası yaratmağa çalışır. Azərbaycana da bu koalisiyaya qoşulmaq üçün təklif göndərildi. Lakin Azərbaycan bu koalisiyaya qoşulmadı. Bu məsələnin də səfər çərçivəsində müzakirə edilməsi gözlənilir. Zənn etmirəm ki, Azərbaycan bu ittifaqa qoşulsun. Çünki bundan əvvəl xarici işlər nazirinin müavini Araz Əzimov Rusiyanın mövqeyini müdafiə edən açıqlama vermişdi. Düzü, bu açıqlamanı uğurlu addım hesab etmirəm. Çünki Azərbaycan Yaxın Şərqlə bağlı neytral mövqe nümayiş etdirir. Sonradan xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verərək bildirdi ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi, Rusiya isə strateji tərəfdaşıdır. Düşünürəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlər kəskinləşdiyi təqdirdə Azərbaycan Türkiyənin mövqeyini müdafiə etmək məcburiyyətində qalacaq. Lakin vəziyyətin həmin həddə çatacağına inanmıram”.



Qabil Hüseynli həmçinin qeyd etdi ki, səfər çərçivəsində iqtisadi məsələlərin də müzakirə ediləcəyi istisna edilmir:

“Yəqin ki, iqtisadi məsələlər də müzakirə olunacaq. Türkiyəyə məxsus yük maşınlarının Azərbaycandan keçməklə Mərkəzi Asiyaya çatdırılması üçün iki dövlət arasında razılıq əldə olunmuşdu. Sözsüz ki, bu məsələnin sürətlənməsi üçün danışıqlar aparılacaq. Ümumi olaraq deyə bilərik ki, iqtisadi məsələlərin müzakirəsi hökmən gündəmdə olacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğuladı ki, görüş zamanı İlham Əliyev Rusiya-Türkiyə qarşıdurması ilə bağlı vasitəçilik təklifini irəli sürə bilər:



“Türkiyə ilə Azərbaycan arasında Strateji Əməkdaşlıq Şurası 5 il bundan əvvəl təşkil olunub. Hər il bu görüşlər növbə ilə ya Azərbaycanda, ya da Türkiyədə keçirilir. Səfər çərçivəsində həm siyasi, həm də iqtisadi məsələlərin müzakirə olunacağı gözlənilir. Ola bilsin ki, Prezident İlham Əliyev Rusiya-Türkiyə qarşıdurması ilə bağlı vasitəçilik təklifini irəli sürsün. İslam koalisiyasına qoşulmaqla bağlı Azərbaycana yenidən təklif verilə bilər. Lakin inanmıram ki, bu koalisiyaya qoşulmaqla bağlı Azərbaycana ciddi təzyiqlər edilsin. Çünki Azərbaycanın mövqeyi bəllidir. Türkiyə tərəfi də bunu çox yaxşı bilir”.

Xatırladaq ki, Türkiyə prezidenti ötən ilin iyun ayının 12-də Bakıya səfər edib. Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Həmin səfər çərçivəsində Ərdoğan Bakıda Rusiya prezidenti Vladimir Putin ilə də görüşüb. Görüşdə diqqət çəkən məqam ondan ibarət idi ki, danışıqlar bağlı qapı arxasında keçirilmişdi.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 16649