Sosial yardım almaq istəyənlərə - Şad xəbər


18:23     22 Fevral 2016 emek%20ve%20eha.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində yaradılmış ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) təqdimatı olub.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, tədbirdə naziri Səlim Müslümov çıxış edərək, “Elektron hökumət” portalı üzərindən qurulan VEMTAS-ın ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətin edilməsinə, müraciətlərə baxılmasına, yardım təyin olunub-olunmaması barədə qərarın qəbuluna, bununla bağlı müraciət edən şəxsə məlumatın verilməsi prosesinin tam avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə imkan verdiyini vurğulayıb.

Nazir bildirib ki, ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar və s., habelə bu məqsədlər üçün xüsusi olaraq poçt şöbələrindəki quraşdırılmış infoköşklər vasitəsilə “Elektron hökumət” və ya Nazirliyin “Elektron xidmətlər” portallarındakı “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə müraciət edə bilərlər:

“Bu e-müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək və 15 iş günü müddətində araşdırılaraq elektron qaydada cavablandırılacaq. Həmin ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüquqlarına baxılması üçün lazım gələn arayış və məlumatlar aidiyyəti qurumların informasiya ehtiyatlarından əldə olunacaq. Yəni bu amil sosial yardım təyinatı sahəsində kağız daşıyıcılardan istifadənin tam məhdudlaşdırılmasına səbəb olacaq. Vətəndaşların müraciət zamanı elektron qaydada “Ərizə-bəyannamə”də qeyd etdikləri məlumatlar sistem tərəfindən avtomatlaşdırılmış şəkildə yoxlanılacaq. Əgər uyğunsuzluq aşkar edilməzsə, ailəyə sosial yardımın təyin olunması barədə qərar çıxarılacaq, əks halda sosial yardımın təyin olunmasından imtina ediləcək”.

S.Müslümov diqqətə çatdırıb ki, sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan alınacağı barədə, yardım təyin olunmasından imtina olunması barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndəriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1156