Banka borcu olanlara dəstək - Antikollektor yaradıldı


15:51     24 Fevral 2016 antikollektor.jpg

Azərbaycanda ilk: antikollektor şirkəti yaradılıb.


“Antikollektor” MMC - adından göründüyü kimi, problemli borcların yığılması ilə məşğul olan kollektor agentliklərinin əleyhinə fəaliyyət göstərəcək.

Femida.az xəbər verir ki, şirkətin təsisçisi məşhur hüquqşünas Əkrəm Həsənovdur.

Rusiya və Ukrayna təcrübəsi əsasında fəaliyyət göstərən şirkət “Borcunuz – problemimizdir!” şüarı ilə işləyəcək.

İşi təkcə kollektorlarla olmayacaq

Qeyd edildiyi kimi, yeni şirkət bank müştərilərini incidib problemli borcları onlardan alan kollektor agentlikləri və banklarla mübarizə aparacaq. Amma Əkrəm Həsənov deyir ki, MMC-nin fəaliyyəti təkcə kollektorlarla məhdudlaşmayacaq. Bu şirkət bütün banklara, digər kredit təşkilatlarına, lizinq şirkətlərinə, nisyə və yaxud kreditlə mal verən mağazalara, eləcə də adi şəxslərə borcu olan və onların təzyiqi ilə üzləşmiş vətəndaşların hüquqlarını qoruyacaq. Hüquqşünas deyir ki, yeni şirkət vətəndaşları məhkəmə qərarından sonra icra məmurlarının qanunsuz hərəkətlərindən də qorumağı planlaşdırır.

“Ola bilər ki, vətəndaş borc alıb, amma onun bu borcu qaytarmağa bu gün imkanı yoxdur. Həmin qarşı tərəflər artıq biz üz-üzə gələcəyik, onlara izah edəcəyik ki, borclu borcundan imtina etmir, sadəcə ona müəyyən qədər vaxt verilməlidir, hüquqları pozulmamalıdır. Bəzən isə elə olur ki, vətəndaşla məsələn, bank arasında bağlanmış müqavilədə qanunsuzluqlar olur. Tutaq ki, Mülki Məcəllənin 741-ci bəndində qeyd olunur ki, kredit mqaviləsinə görə faizlər ildə bir dəfə hesablansın, amma müqavilədə ayda bir dəfə göstərilib. Belə müqavilələrin etibarsız hesab edilməsinə çalışacağıq”-deyə Ə.Həsənov müştərilərini necə müdafiə edəcəyini açıqlayır.

Antikollektorun bəzi xidmətləri pulsuz olacaq

Əkrəm Həsənov rəhbərlik etdiyi şirkətin vətəndaşlara göstərəcəyi xidmətlər barədə də məlumat verib. Onun sözlərinə görə, bəzi xidmətlər pulsuz olacaq:

“Məsləhətlərin verilməsi, məhkəməyə müraciət etmək üçün iddia ərizələrinin hazırlanması kimi məsələlər pulsuz başa gələcək. Yəni, biz lazımi izah və sənədləri verəcəyik ki, vətəndaş özü hüquqlarını qorusun. Əgər bunu edə bilməsə, o zaman biz ödənişli qaydada ona hüquqi yardım göstərəcəyik".

Antikollektorla iş 10 dəfə ucuz başa gələcək

Əkrəh Həsənov deyir ki, antikollektorun xidmətindən istifadə etmək adi vəkillərlə müqayisədə bir neçə dəfə ucuz başa gələcək: “Biz çalışırıq ki, işləri məzmununa görə qruplaşdıraq və bir neçə nəfərin eyni xarakterli işinə görə bir nəfər ayıraq. Bu halda müştərilərimizə hüquqi yardım sərfəli qiymətə olacaq. Məsələn, artıq biz “Bank VTB (Azrbaycan)”ı məhkəməyə vermişik. Bu bank mənzil tikintisi ilə məşğul olan şirkətin hesabına manatla pul köçürüb. Amma mənzil alanlarla müqavilə dollarla bağlanıb. Hazırda 27 nəfər bankdan şikayətçidir. Biz muqavilənin etibarsız hesab edilməsinə çalışırıq. Hələ ki, o şikayətçilərdən pul almamışıq, amma onlara orta hesabla bu iş onlara 200-300 manatdan baha başa gəlməyəcək. Halbuki bu şikayətçilərin hərəsi bir vəkilə üz tutsaydı onlardan adambaşına 3 min manat xidmət haqqı alınacaqdı. Bizdə isə hətta bir nəfərə bir hüquqşünasın ayrılması 1000 manatdan baha başa gəlmir”.

300-500 manat borcu olanlara da kömək edəcək

“Antikollektor” MMC borclulara hüquqi yardım göstərmək üçün borcun məbləğinə minimum tələb qoymayıb. Əkrəm Həsənovun sözlərinə görə, hələ ki, istənilən məbləğdə borclarla bağlı müraciətlər qəbul olunur. Amma istisna deyil ki, gələcəkdə 300-500 manatlıq borclarla bağlı vətəndaşlara pulsuz xidmət göstərilsin: “Hələ ki, bunu edə bilmirik, amma bir qədər şirkət bazarda yerini tutandan sonra borcu çox olan insanlardan qazandığımız pulların hesabına borcu az olan insanlara pulsuz xidmət göstərəcəyik. Çünki 300-500 manata görə problem yaşayan insandan xidmət haqqı tələb etmək düzgün deyil. Pulu olsa elə borcunu qaytarar. Həmçinin nəzərdə tutmuşuq ki, əhalinin maddi cəhətdən zəif təbəqələləri, məsələn, qaçqın və məcburi köçkünlər üçün borcun məbləğindən asılı olmayaraq pulsuz işləyək”.

İnternetdə borcluları məlumatlandıracaq

“Antikollektor” MMC həm də çox rast gəlinən borc qalmaqalları ilə bağlı məhkəmə işləri barədə internetdə (rəsmi internet və “Facebook” səhifələrində) məlumat verməyi planlaşdırır: “İnsanları internetlə məlumatlandıracağıq ki, məsələn, bu məzmunda məhkəmə işi var. Qoy özləri gəlib həmin məhkəmədə iştirak etsinlər və məlumatlansınlar, heç hüquqi yardıma ehtiyacları olması, özləri hüquqlarını müdafiə etsinlər”. /fins.az/

Femida.az

Açar sözlər:

Oxunub: 2457