“Biz də sorğu göndərə bilirik” – Vəkil-nümayəndə qalmaqalı böyüdü


16:12     01 Aprel 2016 attorney.jpg

“Femida.az saytının, “vətəndaşlar vəkillərə, yoxsa nümayəndələrə daha cox müraciət edirlər?” suallına kimlərinsə maraqlarına toxunmadan tam səmimi olaraq cavab vermişdim. Eyni suala Vəkillər Kollegiyasının üzvləri də cavab veriblər. Lakin onlar suala uyğun cavab vermək əvəzinə, vəkil və nümayəndə fərqini hədsiz dərəcədə şişirdərək məsələni şərh ediblər. Bu da femida.az saytının çoxlu sayda olan hörmətli oxucularında nümayəndəlik fəaliyyətinə qarşı inamsızlıq yaradıb. Bu səbəbdən həmin cavabların bizim maraqlarımıza toxunan hissəsinə münasibət bildirmək istəyirəm”.


Bu sözləri Femida.az-a açıqlamasında müstəqil qaydada hüquq xidmətləri göstərən "RƏSM-I" Hüquq Firmasının direktoru s Məhərrəməli Həmidov deyib.

Hüquqşünasın sözlərinə görə, dünya praktikasında nümayəndəlik fəaliyyəti geniş yayılıb:

“İlk öncə qeyd edim ki, nümayəndəlik fəaliyyəti dünyanın bütün yerlərində mövcuddur. Hətta Avropa ölkələrində nümayəndəlik fəaliyyətinin daha da genişlənməsi üçün zəruri səylər göstərilir. Çünki nümayəndələr müstəqil qaydada fəaliyyət göstərdiyi üçün, heç bir qurumdan asılı deyil. Bu da müstəqil vəkillərin sərbəst şəkildə fəaliyyət göstərməsinə şərait yaradır. Ümumiyyətlə, hər iki qaydada hüquq xidmətləri göstərən hüquqşünaslar, ilk növbədə vijdanını üstün tutmalı və satılmamalıdırlar. İstər vəkillər kollegiyasının üzvü olan vəkillərin, istər müstəqil vəkillərin aralarında iki tərəfli işləyənləri vardır. Bu cür vəkillər əhalinin bu peşəyə inamını heçə endiriblər. Bu səbəbdən bəzi vətəndaşların bu peşəyə inamı zəifləyib”.

Hüquqşünas bildirdi ki, nümayəndələr də dövlət qeydiyyatından keçib qanuni formada fəaliyyət göstərirlər:

“Sözügedən məqalədə vəkillər qeyd edir:

“Vəkil yalnız o şəxslərdir ki, qanunla müəyyən edilmiş qaydada Vəkillər Kollegiyasına üzv qəbul ediliblər. Vəkil hüquqi yardım göstərdiyi şəxsə qarşı daha məsuliyyətlə yanaşır, şəxsin verdiyi məlumatı sirr kimi saxlayır, nümayəndənin sorğu vermək hüququ olmadığı halda, vəkilin sorğu vermək hüququ var, müstəqil vəkillər Ali Məhkəmə mərhələsinə qədər iştirak edirlər, vətəndaşlar vəkillərə müraciət etsələr, daha yaxşı olar, müştəriyə ziyan dəyərsə, Vəkillərin Sığorta Fondu tərəfindən ödənilir, nümayəndələrdən həmin zərəri tələb etmək çətindir, nümayəndəliklə məşğul olan bəzi şəxslərlə bağlı şikayətlərin sayı çoxalıb və s.”

Cavab olaraq bildirmək istəyirəm ki, nümayəndələr də dövlət qeydiyyatından keçib, qanuni şəkildə fəaliyyət göstərirlər. Öz işlərinə məsuliyyətli yanaşmağı və müştərinin verdiyi məlumatı sirr kimi saxlamağı bacarırlar. Nümayəndələrin sorğu vermək hüququ olmadığına gəldikdə isə onlar da öz sorğusunu möhür ilə təsdiqləyib sorğu vermək hüququna malikdirlər. Nümayəndələrin Ali Məhkəmə instansiyası istisna olmaqla, Konstitusiya Məhkəməsinə qədər mülki və inzibati işlərdə iştirak etmək səlahiyyətləri var. Vətəndaşlar vəkillərə müraciət etsinlər ifadəsi, suala cavab kimi yox, müştəri çağırmaq anlamına gəlir. Vəkilin səhvi ucbatından müştəriyə dəyən zərəri ödəməkdən yayınmağa gəldikdə isə, bu hal hər iki qaydada fəaliyyət göstərən vəkillər arasında baş verir. Nümayəndə öz müştərisi ilə aralarında “Tapşırıq Müqaviləsi” bağlayır və həmin müqaviləyə əsasən vurduğu zərərin əvəzini ödəməyi öz üzərinə öhdəlik kimi götürür. Belə olan halda, vurduğu zərərdən yayınması halları mümkün deyil.

Vətəndaşlara tövsiyə edirəm ki, sonda aldanmamaq üçün hər hansı bir vəkilə hüquq xidmətlərinin göstərilməsi üçün müraciət edəndə, aralarında “Tapşırıq Müqaviləsi” bağlasınlar və müqavilənin bir nüsxəsini alıb özlərində saxlasınlar”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 3833