ATƏT-in sədrinin bəyanatı qənaətbəxş deyil - Azay Quliyev


02:32     03 Aprel 2016 azay%20qul3.jpg

Almaniyanın xarici işlər naziri, hazırda ATƏT-ə sədrlik edən Frank Ştaynmayer təmas xəttində atəşkəsin pozulması ilə əlaqədar verdiyi bəyanat qənaətbəxş sayıla bilməz.


Femida.az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, nazir tərəfləri atəşkəsə əməl etməyə və Minsk qrupu çərçivəsində danışıqları davam etdirməyə çağırmaqla öz işini yekunlaşdırmamalıdır. ATƏT sədri indi qətiyyət nümayiş etdirməli və Ermənistanı işğal etdiyi Azərbaycanın ərazilərindən çıxmağa çağırmalıdır.

Onun sözlərinə görə, Ştaynmayer üçün ATƏT-in Minsk Konfransını təcili çağırmaq və problemin həlli istiqamətində bütün səyləri birləşdirmək üçün ciddi əsas yaranıbdır. ATƏT sədri cəbhə bölgəsindəki gərgin vəziyyəti, Ermənistanın törətdiyi təxribatı və hadisələrin sonrakı gedişatını düzgün qiymətləndirməli və adekvat addımlar atmağı bacarmalıdır.

A.Quliyevin fikrincə, bugünkü hadisə bir daha onu sübut etdi ki, Azərbaycan xalqı və ordusu torpaqlarının işğalda qalması ilə heç zaman barışmayacaq və ərazilərimiz gec-tez düşmən tapdağından azad olacaqdır. Bu reallığı ATƏT-də, Ermənistan da tam olaraq dərk etməlidir.

Açar sözlər:

Oxunub: 987