TürkPA Baş katibi Gəncədə - FOTOLAR


21:46     01 İyul 2016 turkpa.jpg

TürkPA Baş katibi Jandos Asanov Gəncə şəhərinə səfəri çərçivəsində şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevlə görüşüb.


Femida.az xəbər verir ki, səmimi və işgüzar söhbət zamanı Elnur Rzayev Jandos Asanova Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verib.



TürkPA Baş katibi Jandos Asanov qəbula görə minnətdarlıq edib. Baş katib gəlişinin məqsədini açıqlayaraq bildirib ki, Azərbaycanın regionları ilə tanışlıq çərçivəsində ilk səfərini Gəncədən başlayıb. Bu da təsadüfi deyildir. Türk tarixində ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikası ilk zamanlar bu qədim şəhərdə fəaliyyət göstərib. Gəncə dünyaya Nizami Gəncəvi kimi böyük mütəfəkkir bəxş edib. Odur ki, türk dünyasının tarixində və mədəniyyətində Gəncənin önəmli yeri vardır.



Millət Vəkili Naqif Həmzəyev qonağı Gəncə şəhərində görməkdən məmnun olduğunu bildirərək, türk xalqları ilə dostluq və əməkdaşlığın vacibliyindən danışıb. Jandos Asanov təmsil etdiyi qurumdan bəhs edərkən bildirib ki, TürkPA Baş katibliyi parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək məqsədi daşıyır. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib .

Femida.az

Açar sözlər:

Oxunub: 1622