Lavrov Bakıya niyə gəlmişdi? - Gecikən səfərin şərhi


14:46     13 İyul 2016 lavrov%20baki.jpg


Azərbaycan çoxdan idi ki, Lavrovun yolunu gözləyirdi. Bakıya adətən İrəvan marşrutu ilə gələn baş diplomat sonuncu səfərində bu ənənəsinə nədənsə sadiq qalmadı. İyulun 4-də Ermənistanda səfərdə olan Lavrovun Bakıya gələcəyi gözlənilsə də, o, anidən çamadanlarını yığıb ölkəsinə qayıtmağı üstün tutdu. XİN rəhbərinin bu davranışı birmənalı qarşılanmadı və mətbuatda geniş müzakirələrə səbəb oldu. Bəzi analitiklər tərəfindən bu, onunla izah olundu ki, Lavrov İrəvanı kompromisə çəkə bilməyib. Belə olduğu təqdirdə isə onun Azərbaycan tərəfi ilə hansısa danışıqlar aparmasına ehtiyac qalmırdı. Bu cür düşünənlərin müəyyən mənada haqlı olduqları dünən ortaya çıxdı. Bu barədə daha sonra...

***

Putin Lavrovu niyə Bakıya göndərmək qərarına gəldi?

Əslində İrəvan səfərini başa vuran kimi Moskvaya geri dönən Lavrovun tezliklə Bakıya gələcəyi gözlənilmirdi. Çünki gəlməyə səbəb yox idi. Bir halda ki, Ermənistan rəhbərliyi tutduğu mövqedən geri çəkilmək, yəni kompromisə gəlmək fikrində deyil, deməli, Azərbaycanla nəyisə müzakirə etmək absurddur. Lakin regionda gedən geosiyasi proseslər Moskvanı öz fikrindən daşınmağa vadar etdi. Məlum olduğu kimi, 8-9 iyul tarixlərində NATO-ya üzv və əməkdaş ölkələr Polşanın paytaxtı Varşava şəhərində toplaşmışdı. Sammitdə Cənubi Qafqaz və Ukrayna ilə bağlı səslənən fikirlər Kremli narahat etməyə bilməzdi. Azərbaycanın ərazi bütövlüyünün yekdilliklə bəyan edildiyi yekun kommünikedə NATO-nun şərqə doğru genişlənməsinin zəruriliyi məsələsi də öz əksini tapmışdı. NATO-ya üzv ölkələrin Azərbaycanla sıx əlaqə qurmaqda maraqlı olması və buna görə də ərazi bütövlüyümüzün dəstəklənməsi şimal qonşumuzu xeyli qıcıqlandırmışdı. Məhz buna görə sammit başa çatan kimi Rusiya Xəzərdə irimiqyaslı hərbi təlimlərə başladı. Cənubi Qafqazda özünü ağa kimi hiss edən Rusiyadan adekvat addım gəlməli idi. Putin artıq başa düşürdü ki, Lavrovu Azərbaycana göndərməyin əsl vaxtıdır...



Əslində Putinin Lavrovun üzərinə qoyduğu missiya da gün kimi aydın idi: Nə olur olsun, Azərbaycanı qərblə əməkdaşlıqdan çəkindirmək və təbii ki, cəbhədə atəşkəsin bir qədər də uzadılmasına nail olmaq. Bu məqsədlə yola çıxan Lavrov dünən və bu gün Azərbaycanın ali vəzifəli şəxsləri ilə bir sıra mühüm görüşlər keçirdi. Bakıya Putinin tapşırığı əsasında gəldiyini deyən Lavrovun səfər zamanı önə çıxan fikirlərini analiz edək:

- “Kiçik ümid yaradan amillərə ehtiyatla yanaşaq...”
- “Putin danışıqlar prosesindən məmnundur”
- “Azərbaycana səfərim səmərəli alındı”


Lavrov Bakı səfəri çərçivəsində belə bir fikir vurğulayır ki, münaqişənin həllində kiçik ümid yaradan amillərə ehtiyatla yanaşmalıyıq. Bu fikir o halda müsbət qarşılana bilər ki, münaqişənin nizamlanması prosesində həlledici dövlət statusunda olan Rusiya öz üzərinə düşən vasitəçilik missiyasını layiqincə yerinə yetirsin. Nəzərə almaq lazımdır ki, aprel əməliyyatları Rusiyanın təzyiqi ilə dayandırılmışdı. Bununla Kreml sülhyaratma missiyasını öz üzərinə götürərək Ermənistanda dalana dirənmiş siyasi hakimiyyəti kompromisə cəlb etməli idi. Yəni əslində kiçik yox, münaqişənin həllində böyük ümid yaranmışdı.

Lavrov İlham Əliyevlə görüş zamanı Putinin danışıqlar prosesindən məmnun olduğunu bildirir. Əlbəttə ki, Cənubi Qafqazla bağlı strateji maraqları olan Rusiyanın danışıqlar prosesindən razı qalması bizim üçün ürəkaçan ola bilməz. Çünki bu maraqlar münaqişənin həlli qeyri-müəyyən vaxtadək uzadıldığı halda təmin oluna bilər. Ona görə də Lavrovun bu açıqlamasından biz narahat olmalıyıq.



Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında qeyd edir ki, onun Azərbaycana səfəri səmərəli alınıb. Lakin düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı müsbət irəliləyişdən söhbət belə gedə bilməz. Hər halda münaqişə ilə bağlı bizim nöqteyi-nəzərimizdə səmərəli iş o zaman görülər ki, mərhələli həll variantına uyğun olaraq əsaslı addımlar atılsın. Lakin Rusiyanın baş diplomatı səfər çərçivəsində bir dəfə də olsun “mərhələli həll” sözünü dilinə gətirmədi. Bu hal münaqişənin həllində Rusiyanın mövqeyini açıb ortaya qoyur.

Elmar Məmmədyarov görüşün ardınca konkret addımların atılacağını diqqətə çatdırıb. XİN rəhbərinin bildirdiyinə görə, bu addımlardan biri də prezidentlərin yaxın vaxta baş tutacaq görüşüdür.

Göründüyü kimi, səfərin yekununu müsbət qiymətləndirmək bir az çətindir. Demək olar ki, münaqişənin həllində gələcək vəd edən heç bir açıqlama verilmədi. Halbuki, ümidlər böyük idi. “Heç bir yerə əli boş getməyən” Lavrovun apreldə olduğu kimi bu səfəri də müsbət sonluqla yekunlaşmadı. İndi bütün gözlər Putinin üzərində olacaq. Rusiya prezidentinin yaxın vaxtlarda Bakıya planlaşdırılan səfəri ümid edək ki, münaqişənin həllinə önəmli töhfə verəcək.

Ceyhun Əhmədli
Analitik xidmət

Açar sözlər:

Oxunub: 5804