Dünyanın tanımalı olduğu 10 azərbaycanlı (FOTO+ VİDEO)


19:38     30 Avqust 2016 Ramiz_Quliyev_150210%20(1).JPG

Azərbaycan mədəniyyətinin zənginliyi və təkrar olunmazlığı ilə dünya ölkələri arasında seçilir. Təbii ki, zəngin mədəniyyətimizin təbliğatında və qorunmasında mədəniyyət nümayəndələrinin rolu böyükdür. Femida.az Azərbaycan mədəniyyətinə xidmət edən və dünya səviyyəsində tanınan 10 sənətkar haqqında yazını təqdim edir:


Cazın atası Vaqif...





Caz-muğam üslubunun banisi olan Vaqif Mustafazadə çoxsaylı caz əsərləri yaratmış istedadlı bir bəstəkar kimi yaddaşlarda qalıb.

Vaqif Mustafazadə 1940-cı il martın 16-da Bakı şəhərində, qədim tarixə malik İçəri Şəhərdə dünyaya göz açıb. Musiqi sahəsində qazandığı uğurlara görə Vaqif ilk növbədə öz anasına - dahi bəstəkar Üzeyir Hacıbəyovun şagirdi, Azərbaycanın ilk qadın pianoçularından biri, muğam musiqisinin gözəl ifaçısı olmuş Zivər xanıma minnətdar idi. Doqquz yaşında ikən milli melodiyaları yaxşı mənimsəmiş Vaqifin pianoda hər bir musiqini özünəməxsus bir tərzdə ifa etməyə çalışması Zivər xanımı çətin vəziyyətə salırdı. Vaqif musiqi məktəbinə daxil olur və burada o vaxtadək yaxşı tanış olduğu muğamlarla yanaşı, Bax, Motsart, Şopen kimi dahi klassik bəstəkarların əsərlərindən də bəhrələnir.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olur. İlk məşhurluqda elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir.
Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış „Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür . O, 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub. 1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

Vaqif Mustafazadənin əsərlərinin şahı olan “Düşüncələr”-i təqdim edirik:





Böyük cazmenin yadigarı - Əzizə Mustafazadə...





Əzizə Mustafazadə – dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısıdır. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır. 19 dekabr 1969- cu ildə Bakıda anadan olub. 17 yaşında ikən Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində qalib gəlməklə ilk böyük uğurunu qazanır. Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçür.

İlk albomunu 1991-ci ildə Aziza Mustafa Zadeh adı ilə çıxarır. İkinci albomu “Always” (Həmişə), ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırıb. O bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. Uzun müddət vətəndən xaricdə yaşayan xanım sənətçi 2007-ci ildə vətənə qayıdır. Bakı Caz Festivalında iştirak edir. Bu müddət ərzində Opera və Balet Teatrında konsert verir.
Xaricdə keçirilən müxtəlif festival və müsabiqələrdə iştirak edərkən Əzizə heç zaman unutmur ki, o, öz xalqının qızıdır və özünü azərbaycanlı ifaçı kimi təqdim edərək ləyaqətlə çıxış edir.






Böyük Bülbülün oğlu - Polad Bülbüloğlu...





Azərbaycanın dünya səviyyəsində tanınan sənətkarlardan biri də Polad Bülbüloğludur. O bütün MDB məkanında məşhur simadır. Geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınmış Polad Bülbüloğlu
kinofilmlәrә, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema müәllifidir.

1945-ci ildə Bakıda məşhur xanəndə Bülbülün ailəsində doğulmuş Polad Bülbüloğlu 1973-cü ildə əməkdar incəsənət xadimi, 1982-ci ildə Azәrbaycanın xalq artisti adına layiq görülüb. O, 1987-ci ildə Azərbaycan Dövlət Filormaniyasının direktoru və bədii rəhbəri kimi çalışıb.

1989-cu ildә Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunub. Sonralar Azərbaycanda üç dəfə hakimiyyət dəyişikliyi baş verib və Polad Bülbüloğlu hər gələn prezident tərəfindən nazir postunda saxlanılıb. 1995-ci ildə həm də Milli Məclisinin deputatı seçilir. Və 2006-cı ilədək mədəniyyət naziri işləyib.

2006-cı ildə o, Azərbaycan Respublikasının Rusiya Federasiyasına səfiri göndərilib. O, hazırda da Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini yerinə yetirir.

Polad Bülbüloğlunun üç övladı var - 2 oğlu, bir qızı. Böyük oğlu Teymur Polad Bülbüloğlunun birinci xanımı, məşhur ukraynalı opera müğənnisi Bela Rudenko ilə evliliyindən doğulub.

Polad Bülbüloğlunun ikinci xanımı Gülnarə Şıxəliyevadan iki övladı dünyaya gəlib. Qızı Leylanın indi 18 yaşı var. Polad Bülbüloğlu ikinci oğluna atasının adını verib, Murtuzanın 13 yaşı var.

Polad Bülbüloğlunun böyük oğlu Teymur babası Bülbülün adını özünə soyad götürüb və bu ismi yaşadır. Teymur Bülbül 1975-ci ildə anadan olub. O, valideynlərinin sənətinin davam etdirərək, həyatını musiqiyə bağlayıb.

Polad Bülbüloğlunu dünyada məşhur edən ifasını təqdim edirik:





Böyük Müslümün yadigarı Müslüm Maqomayev…





O, 1942–ci il avqustun 17-də Bakıda anadan olan Müslümə Azərbaycan musiqisinin tanınmış simalarından olan babası Müslim Maqomayevin adını vermişdilər. O atasını erkən yaşlarında itirir. Atasının ölüm xəbərinin Müslümdən uzun illər gizlətmişdilər, 10 yaşına çatanda ona həqiqəti deməyə məcbur oldular.
1949-cu ildə Müslümü Bakı konservatoriyasının nəzdindəki onillik musiqi məktəbinə oxumağa göndərdilər. Unikal səsindən ilk dəfə danışılanda səkkiz yaşı var idi. Xorla birlikdə “spi, moya radost, usni” oxuyan vaxt müəllim digər uşaqlara susmaq işarəsi verərək yalnız onun oxumasını istəmişdi.

Doqquz yaşı olanda anası onu çalışdığı teatra - Vışnıy Voloçkaya gətirir. Müslüm bir ildən sonra anasının qərarı ilə nənə-babasına geri dönür. Bu isə Ayşət Axmedovnanın ikinci dəfə ailə qurması ilə bağlı idi. Onun yeni ailəsindən iki övlad dünyaya gəlir, bunlar ögey qardaş Yuri və bacısı Tatyana idi.

Altıncı sinifdə ilk mahnısını yazır. Həmin mahnını sevdiyi qıza həsr edir – bu, indiyədək dillərdə məşhur olan “Marina” mahnısı idi.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. İki il sonra Azərbaycan Dövlət Konservatoriyasını bitirən Müslüm Maqamayev 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.
1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilmişdir. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır.
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
Görkəmli musiqiçi və dirijor Müslüm Maqomayevin nəvəsidir.





Muğamda yeni nəfəs - Alim Qasımov





Alim Həmzə oğlu Qasımov 1957- ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olub. Valideynləri onun musiqiyə və xüsusilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər. Ancaq ona musiqi təhsili verməyə imkanları yox idi. Əllərindən bir tək şey gəlirdi, dəf düzəltmək üçün, atası bir keçi kəsmişdi. Bu dəf, Alimin birinci musiqi alətiydi və bununla birlikdə o, gözəl və hamıdan fərqlənən səsə sahib idi.
Daha sonra o, Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs almışdı. 25 yaşında Alim, həyatında birinci muğam müsabiqəsində müvəffəqiyət qazanmışdır. O vaxtlarda o, muğam sənətinin, xüsusilə də "tarab" janrının araşdırmalarıyla məşğul olurdu.
1989-cu ildən Alim Qasımov Mənsurov qardaşlarıyla çıxış eləməyə başlamış, tarzan Camal və kamança çalan Elşən ilə. Arada Alim Qasımov özü də dəf çalır.
Son zamanlarda cəmi doqquz albomu çıxardan Alim Qasımov hər bir musiqi sənətkarının nail olmağa çalışdığı mükafata layiq görülmüşdür. 1999- cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını almışdır.
Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol oynayır.
Alim Qasımov fərqli nominasiyaya layiq görülüb. Qasımov ABŞın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub.





Operanın canlı əfsanələri Qasımova bacıları...





Azərbaycanın dünyada tanınan sənətkarlarından biri də məşhur opera müğənnisi Fidan və Xuraman Qasımova bacılarıdır.
Fidan Əkrəm qızı Qasımova 17 iyun 1947-ci ildə Bakıda anadan olub. Nadir soprano sahibinin dünyaya göz açdığı ziyalı ailəsi, boya-başa çatdığı mühit onun musiqiyə bağlanmasının ilkin mənbəyi olub. Fidan və Xuraman Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev və Bakı musiqi elitasının digər nümayəndələri tez-tez bu ailənin evində olublar. O zaman 4 yaşlı balaca Xuraman qonaqların xahişi ilə oxuyar, Fidan isə qonşu otağa keçərək daha çox skripkada çalardı. Hər iki qızın musiqiyə meyli uşaqlıqdan formalaşıb.
Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Fidan 1966-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, məhz parlaq istedadı və zəhməti sayəsində eyni vaxtda iki ixtisas - skripka və vokal üzrə təhsil almışdır.
1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıtmış, həmin vaxtdan M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlayıb.
Azərbaycanın (1983), SSRİ-nin (1988) xalq artisti fəxri adlarına layiq görülmüş, Azərbaycan Dövlət Mükafatı laureatı (1984) olan F.Qasımova 1 990-cı ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, 1992-ci ildən Türkiyənin İstanbul Dövlət Konservatoriyasının professorudur. Onun əməyi müstəqil Azərbaycan dövlətində layiqli qiymətini alıb. Heydər Əliyev tərəfindən “Şöhrət” (1997) ordeninə, president İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeninə (2010) layiq görülüb. Azərbaycanın və SSRİ-nin xalq artisti Fidan Qasımova 2015-ci ildə Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülərək xüsusi diplomla mükafatlandırılıb. Fidan Qasımova Azərbaycanın musiqi mədəniyyətində bu ali mükafata layiq görülən yeganə ifaçıdır.





Xuraman Qasımova





Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solistidir.
Əsas partiyaları: Sevil və Dilbər ("Sevil", F.Əmirov), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C.Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s.
İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin (1977-ci il) və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981), eləcə də ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır.
1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur.





Kamançası ilə Azərbaycanı dünyaya tanıdan Habil Əliyev...





Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Onun bacarığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asdılar və çox razı qaldılar.
Habil Əliyev "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı.
Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olub.
Böyük sənətkarın əziyyəti dövlət tərindən qiymətləndirilib. O 1964-cü ildə Azərbaycan SSR Əməkdar Artisti , 1978-ci ildə Azərbaycan SSR Xalq Artisti fəxri adıarına layiq görülüb.
Habil Əliyev sentyabrın 8-də uzun müddət əziyyət çəkdiyi xəstəlikdən vəfat edib.




Səhnənin əvəzolunmaz Məcnunu Mənsum İbrahimov...





Azərbaycan muğam sənətinin incilərindən olan Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil alıb.
İstedadlı gənc ifaçı Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunur.1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa edib. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların gözəl ifaçısıdır. Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində — İran,Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və Kanadada ləyaqətlə təmsil edir. Bununla bərabər pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir.
1998-ci ildə Azərbaycanın əməkdar artisti, 2005-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb.2010-cu ildə Azərbaycan prezidentinin sərəncamına əsasən Şöhrət ordeni ilə təltif olunub. Azərbaycan Milli Konservatoriyasının professorudur.
Sənətkar 1986-cı ildə ailə həyatı qurub. Üç qız, bir oğlan övladı var.

Mənsum İbrahimovun əsərlərinin şahını təqdim edirik:





Oxu tar, Ramizi kim unudar?!





Tarzən Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-69-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə vəfestivallarda, 1961-ci ildə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. Rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub. 1963-64-cü illərdə Ağdam 1 saylı, 1965-1974-cü illərdə Bakı 1 və 20 saylı [musiqi] məkləblərində, 1974-92-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent,professor kimi pedaqoji fəaliyyət göstərib. 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. 1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat adına layiq görülüb. Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, ABŞ, Kanada,Danimarka, İran, İraq, Fransa, İngiitərə, İsrail, Norveç və s. öikələrdə konsertlər verib. 1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalında xüsusi diploma layiq görülüb. 1989-cu iidə "Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərlərində konsertlər verib. 1964-94-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub. 1978-ci ildə Respublika Lenin komsomolu mükafatı laureatı, 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə Xalq artisti olub. 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universıtetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ustad dərsləri" verib. 1981 və 1984-cü illərdə XVIII və XIX çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə seçilib. 1993-cü ildə "Humay" Milli mükafatına, 2001-ci ildə "Simurq milii mükafat fondu"nun təsis etdiyi "XXI əsrin ilk laureatları - ali dərəcəli mükafatı - "ilin fədakar sənətçisi" fəxri adına layiq görülüb.

Sənətkarın övladı Əyyub Quliyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijorudur.





Miri Məcidli
Femida.az




Açar sözlər:

Oxunub: 31751